Azərbaycan Afrika ölkələrinə məhsul ixracını 6 dəfədən çox artırıb

2024.05.17 16:25 (UTC+04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın Afrika ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 4,9 dəfə və ya 132,8 milyon ABŞ dolları artaraq 166,9 milyon dollar təşkil edib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 4 ayında Azərbaycandan Afrika ölkələrinə 123,5 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən 6,1 dəfə və ya 103,5 milyon dollar çoxdur.

Afrika ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 3,1 dəfə və ya 29,3 milyon dollar artaraq 43,3 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Afrika ölkələri ilə ticarətin payı 1,22 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,03 faiz bəndi çoxdur.