Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən, bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.
Misal: Tutaq ki, “AA” MMC 2023-cü ildə təsis edilib və sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir. Ümumi dəyəri 100.000 manatlıq (gömrük rüsumu daxil) mal idxal edib. Onun əldə edilməsi üçün 18% məbləğində ƏDV-ni gömrükdə ödəyib. Sadələşdirilmiş vergi ödəyicisi olduğu üçün ƏDV-ni əvəzləşdirə bilməyib. Bu səbəbdən malların maya dəyəri 118.000 manata yüksəlib.
2024-cü ilin mart ayında MMC-nin 12 aylıq dövriyyəsi 200.000 manatı keçdiyi üçün məcburi qaydada gəlir vergisi ödəyicisinə çevrilib, eyni zamanda ƏDV ödəyicisi kimi qeydiyyata alınıb. Keçid anında anbarında ƏDV ödəyicisi olmadığı dövrdə ƏDV daxil 60.000 manatlıq idxal etdiyi mal qalığı olub. Şirkət ƏDV ödəyicisi olduğu vaxtda yeni mallar idxal edib və bu zaman ƏDV-ni əvəzləşdirib.
Burada sual yaranır ki, şirkət ƏDV ödəyicisi kimi fəaliyyət göstərdiyi dövrdə anbarında əvvəldən qalan ƏDV daxil dəyəri 60.000 manat olan malı satan zaman ƏDV-yə cəlb ediləcəkmi? Əgər həmin malların uçotu aparılıbsa, o zaman rahatlıqla anbarında qalan 60.000 manatlıq malı elektron qaimə-fakturada “ƏDV-yə cəlb edilməyən” xanasında göstərərək ƏDV-yə cəlb etməyəcək. Burada əsas şərt həmin malların uçotunun aparılmasıdır. 60.000 manatlıq mallar tam satılıb bitənə qədər həmin malı 18%-lik ƏDV-yə cəlb etməyəcək və ƏDV bəyannaməsində həmin məbləği Əlavə 3 bölməsinin ƏDV cəlb olunmayan sətrində müvafiq qeydini apararaq bəyan edəcəkdir.
Əgər malların uçotu aparılmayıbsa, o zaman Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması zamanı həmin malı ƏDV-yə cəlb etməklə bağlı qərar verilə bilər. Üstəlik, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, 50 faiz miqdarında maliyyə sanksiyasına da cəlb oluna bilər.