2024-cü ilin aprel ayı ərzində ümumilikdə vergi orqanlarına 42.441 müraciət daxil olub ki, bunun da 97,1 faizi ərizə, 2,8 faizi şikayət, 0,1 faizi təklif olub. 19 müraciətin icrası nəzarətə götürülüb. Daxil olmuş müraciətlərdən 46,9 faizinin baxılması həmin hesabat ayı ərzində başa çatdırılıb, 53,1 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 79,2 faizi həll olunub, 19-i barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib.
Ay ərzində daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,1 faiz azalaraq 807 olub. Həll edilmiş 134 faktiki şikayətin böyük əksəriyyəti (62 faiz) kameral vergi yoxlaması, 12 faizi şəxsi hesab vərəqələri, 9,7 faizi sosial sığorta ödənişləri, qalanları vergi borcu, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və əvəzləşdirilməsi, vergi mükəlləfiyyətləri (növləri), vergi ödəyicisinin qeydiyyatı və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 66, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 5 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.