Əsas kapitala yönəldilən investisiyaların həcmi açıqlanıb

2024.05.15 14:59 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında əsas kapitala 5230,4 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6,2 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 15,2 faiz artıb.

İstifadə olunan investisiyanın 2828,9 milyon manatı və ya 54,1 faizi məhsul istehsalı sahələrinə, 1979,3 milyon manatı (37,8 faizi) xidmət sahələrinə, 422,2 milyon manatı (8,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən investisiyaların 4210,1 milyon manatını və ya 80,5 faizini daxili investisiyalar təşkil edib. İnvestisiyaların 3687,6 milyon manatı və ya 70,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.