Bu il ərzində Bakı, Sumqayıt və Gəncədə yeni innovasiya mərkəzlərinin yaradılması planlaşdırılır.
Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva Fintex sammitindəkı çıxışında açıqlayıb. Onun sözlərinə görə, növbəti illərdə bu işlərin genişləndirilməsi nəzərdə tutulur: "Eyni zamanda, Mərkəzi Bankla birgə qanunvericilik sahəsində işlər aparırıq. Artıq Azərbaycanda ikinci vençur investisiya fondunun yaradılması üzərində fəal iş gedir".
Bütün bunların ekosistemin davamlı inkişafı üçün çox vacib olduğunu vurğulayan İ.Vəliyeva hazırda fəaliyyət göstərən startapların təxminən 30-35 faizinin fintex sektorunda olduğunu bildirib: "Çünki hazırda ən aktiv sahə maliyyə sektorudur və bu səbəbdən burada da startapların yaranması məntiqlidir. Hazırda Mərkəzi Bankla üzərində işlədiyimiz layihələrdən biri fintex sahəsi üçün spesifik olaraq inkubasiya və akselerasiya proqramıdır".