Ruslan Saralinov: “Bakı və Bişkek investisiya əməkdaşlığı sahəsində böyük potensiala malikdir” MÜSAHİBƏ

2024.05.16 12:14 (UTC+04:00)

- Ötən ay Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri çərçivəsində bir sıra sazişlər imzalanıb. Sizcə, bu səfər ikitərəfli iqtisadi əlaqələrin inkişafına necə təsir edəcək?

- Sadır Japarovun aprelin 24-də Azərbaycana səfəri hər iki ölkə üçün çox məhsuldar və əlamətdar oldu. Bir sıra sazişlərin imzalanması müxtəlif sahələrdə əməkdaşlığı gücləndirmək və genişləndirmək istəyinin əyani təsdiqidir. Tərəflər Qırğızıstan və Azərbaycan arasında nəqliyyat və logistika sektoru, bərpaolunan enerji mənbələri və hidroenergetika sahəsində investisiya əməkdaşlığının intensivləşdirilməsinə xüsusi diqqət yetiriblər. Səfər çərçivəsində, həmçinin, bu il gözlənilən yüksək səviyyəli qarşılıqlı səfərlər, Qırğızıstan və Azərbaycanda infrastruktur layihələrinin tikintisi, Bakı-Bişkek-Bakı aviareysinin bərpası müzakirə edilib. Bundan əlavə, xarici işlər nazirləri Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Əminəm ki, bu səfər Qırğızıstanla Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcək. İmzalanmış sazişlər iqtisadi-ticarət, o cümlədən investisiya, enerji, nəqliyyat və turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradacaq, qarşılıqlı investisiyaların artmasına səbəb olacaq. Hesab edirəm ki, bu sazişlərin imzalanması Qırğızıstan və Azərbaycan arasında iqtisadi sahədə gələcək fəaliyyətə güclü təkan verəcək və hər iki ölkənin inkişafı üçün əlverişli şəraitin yaradılmasında əhəmiyyətli rol oynayacaq.

İmzalanmış sazişlər iqtisadi-ticarət, o cümlədən investisiya, enerji,
nəqliyyat və turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar
yaradacaq, qarşılıqlı investisiyaların artmasına səbəb olacaq

- Səfər zamanı iş adamlarından xeyli müraciətlər daxil olduğundan Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitinin artırılması qərara alınıb. Ölkələrimiz arasında investisiya sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Azərbaycan və Qırğızıstan arasında investisiya sahəsində əməkdaşlıq qarşılıqlı fayda və iqtisadi artım üçün böyük potensiala malikdir. İnkişaf Fondunun resurslarının gücləndirilməsi ilə bağlı qərar hər iki ölkədə investisiyaların və sahibkarlığın təşviqinə dair birgə öhdəliyi nümayiş etdirir. Əminəm ki, birgə müəssisələr və biznes təşəbbüsləri üçün maliyyə dəstəyi və stimulların təmin edilməsi innovasiya və iqtisadi inkişaf üçün əlverişli mühit formalaşdıracaq. İnfrastruktur, enerji və kənd təsərrüfatı kimi əsas sektorlarda gələcək əməkdaşlıq üçün geniş imkanlar mövcuddur ki, bu da hər iki ölkənin uzunmüddətli rifahına töhfə verə bilər.

Xatırladım ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında saziş Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanıb. Fond ölkələrimiz arasında iqtisadi əməkdaşlığın təşviqi, sənayenin modernləşdirilməsi və inkişafı, ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə ərsəyə gəlib.

- Keçirilən görüşlərdə Qırğızıstanın böyük potensialı və Azərbaycan şirkətlərinin bərpaolunan enerji sahəsində işləməyə marağı qeyd olundu. Ölkələrimizin bu istiqamətdə əməkdaşlığı barədə nə deyə bilərsiniz?

- Qırğızıstanın bu sahə üzrə potensialının tanıdılması və Azərbaycan şirkətlərinin bərpaolunan enerji sahəsində marağı ikitərəfli əməkdaşlığın perspektivli istiqamətindən xəbər verir. Bərpaolunan enerjiyə keçid həm Azərbaycan, həm də Qırğızıstan üçün əhəmiyyətli iqtisadi və ekoloji fürsətdir. Güclü tərəflərimizdən və resurslarımızdan istifadə etməklə biz su, günəş və külək enerjisi layihələrində əməkdaşlıq edə bilərik. Bu, nəinki enerji mənbələrimizi şaxələndirə, habelə investisiya və iş yerlərinin yaradılması üçün yeni imkanlar yarada bilər. Bundan əlavə, alternativ enerji mənbələrinin inkişafı iqlim dəyişikliyinin təsirinin azaldılmasına dair birgə öhdəliyimizə uyğundur.

Bərpaolunan enerji mənbələri üzrə böyük potensiala malik Azərbaycan artıq alternativ enerji mənbələrinə uğurlu keçidin nümunəsi olan ölkədir. Hökumətinizin iqlim dəyişikliyi ilə mübarizəyə və yaşıl iqtisadiyyata keçidə töhfə vermək işinin məntiqi nəticəsi dünyanın ən böyük və ən mötəbər tədbirlərindən biri olan COP29-un Bakıda keçirilməsi qərarı oldu.

Bərpaolunan enerjiyə keçid həm Azərbaycan, həm də Qırğızıstan üçün
əhəmiyyətli iqtisadi və ekoloji fürsətdir

- Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün hansı perspektivlər var?

- Ticarət dövriyyəsinin artırılması perspektivləri çox ümidvericidir. Biz iqtisadiyyatın müxtəlif sahələrində ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial görürük. Hər iki ölkənin şirkətləri arasında işgüzar əlaqələrin və tərəfdaşlığın inkişafı ticarətin yüksəldilməsində əsas rol oynayır. Dövlət dəstəyi və yardımı həm də əlverişli biznes mühitinin yaradılmasında mühüm amillərdəndir ki, bu da Azərbaycan və Qırğızıstan arasında ticarətin artmasına kömək edir.

Enerji, kənd təsərrüfatı, turizm və nəqliyyat kimi müxtəlif sektorlarda ticarət əlaqələrinin artırılması potensialı mövcuddur. Ortamüddətli əsasda aktiv işi təmin etmək üçün 2029-cu ilə qədər dövlətlər arasında zəngin əməkdaşlıq proqramı hazırlanıb. Bu proqrama ticarət dövriyyəsinin artırılması, nəqliyyat əlaqələrinin inkişafı, maliyyə-bank, mədəni, humanitar və digər sahələr daxildir.

- Sizcə, Azərbaycan və Qırğızıstan arasında işgüzar əlaqələrin genişləndirilməsi üçün daha hansı addımlar atılmalıdır?

- İşgüzar əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin sahibkarları arasında təcrübə və məlumat mübadiləsini asanlaşdıran təşəbbüsləri fəal şəkildə təşviq etmək və dəstəkləmək lazımdır. Biznes nümayəndələrinin görüşə biləcəyi, potensial layihələrin müzakirə olunacağı biznes forumlarının, sərgilərin və tədbirlərin təşkili vacibdir. Həmçinin, mövcud əməkdaşlıq mexanizmlərindən, məsələn, ticarət-iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyalardan fəal istifadə etmək, problemləri müzakirə etmək və biznes əlaqələrinin inkişafına töhfə verən həll yollarını tapmaq lazımdır. Hər iki ölkədə şirkətlərin nümayəndəlik və filiallarının açılması da işgüzar əlaqələrin möhkəmlənməsinə və ticarət həcminin artmasına kömək edə bilər.

Bildiyiniz kimi, yaxın vaxtlarda Qırğızıstanda ildə 1 milyon tondan çox yanacaq istehsal edə biləcək neft emalı zavodu fəaliyyətə başlayacaq. Bununla bağlı SOCAR rəhbərliyi ilə Qırğızıstana neft tədarükü məsələləri müzakirə olunub.

Ticarət dövriyyəsinin artırılması perspektivləri çox ümidvericidir. Biz iqtisadiyyatın
müxtəlif sahələrində ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial görürük

- Nəqliyyat sektorunda fəal əməkdaşlıq edən ölkələrimiz bu sahədə hansı mühüm layihələr həyata keçirib?

- Qırğızıstan və Azərbaycan nəqliyyat infrastrukturunun, tranzit dəhlizlərinin və ticarət yollarının inkişafı kimi bir sıra layihələrdə əməkdaşlıq edirlər. Bu sahədə mühüm layihələrə multimodal nəqliyyat sistemlərinin inkişafı, yük və sərnişindaşıma axınlarının modernləşdirilməsi və regional əhəmiyyətli nəqliyyat layihələrinə birgə investisiyalar daxil ola bilər.

Aviasiya sahəsində əməkdaşlıq: Qırğızıstan və Azərbaycan hava əlaqəsinin inkişafında fəal əməkdaşlıq edirlər. Bura uçuş saylarının genişləndirilməsi və sərnişinlərə xidmətin təkmilləşdirilməsi daxildir.

Dəniz və çay nəqliyyatının inkişafı: Qırğızıstanın dənizə çıxışı olmasa da, dəniz və çay nəqliyyatının inkişafı sahəsində birgə səylər Azərbaycanın və digər Xəzər dənizi ölkələrinin limanları vasitəsilə beynəlxalq bazarlara çıxışın yaxşılaşdırılmasına kömək edə bilər.

Logistika və gömrük nəzarəti sahəsində əməkdaşlıq: Hər iki ölkə öz əraziləri vasitəsilə ticarəti və malların tranzitini asanlaşdırmaq üçün təkmilləşdirilmiş logistika proseslərindən və gömrük prosedurlarından faydalana bilər.

Sadaladığım bu layihələr təkcə Qırğızıstan və Azərbaycan arasında əməkdaşlığı gücləndirməyə kömək etmir, həm də bütövlükdə regionun tranzit potensialını artırmaq potensialına malikdir və bu, bütün iştirakçılara fayda verə bilər.

Tamilla MƏMMƏDOVA