Hüquqi şəxsin ünvan dəyişikliyi

2024.05.17 11:59 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, kommersiya və ya publik hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və ya “Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə”;

- hüquqi ünvan dəyişikliyi və nizamnamənin təsdiq edilməsi ilə bağlı qərar;

- yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik layihəsi;

- idarəçiliyində olmayan, lakin dövlətin payı olan hüquqi şəxslərə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəy;

- qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi şəxsin nizamnaməsinə dair müvafiq rəy (təhsil, bank və s. fəaliyyətlər üzrə);

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə” və ya “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə” (təsis sənədləri elektron kabinetə göndərilənlər istisna olmaqla);

- səhmdar cəmiyyətinin yığıncağının çağırılması barədə KİV-də verilən elan (QSC istisna olmaqla);

- səhmdarlara ümumi yığıncağın çağırılması barədə bildirişin çatdırılmasını təsdiq edən sənəd;

- səhmdarların ümumi yığıncağının keçirilmə tarixinə yaxın tarixə verilmiş “Qiymətli kağız sahiblərinin reyestrindən çıxarış”ın əsli və ya notarial qaydada təsdiq edilmiş surəti;

- ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun, vergilər nazirinin 14.03.2019-cu il tarixli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”