“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə” təsdiq edilib

2024.05.13 13:12 (UTC+04:00)

Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə” təsdiq edilib.

Fərmana əsasən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri”nin fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Reyestrin “Hökumət buludu”nda yerləşdirilməsini, Reyestrin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti isə Reyestri mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və təhlükəsizlik meyarları üzrə onun monitorinqini həyata keçirməli, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə Reyestrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə digər tədbirlər görməlidir.