“Bizim əsas məqsədimiz iqtisadiyyatın şaxələndirilməsidir”.
Bunu Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir əlavə edib ki, bu, Azərbaycanın coğrafi mövqeyi ilə bağlıdır: “Açıq dənizə çıxışı olmadığına görə Azərbaycan nəqliyyat sektoruna böyük investisiyalar yatırıb. Ölkəmizin strateji coğrafi mövqeyindən istifadə edərək biz xüsusi iqtisadi zonalar, o cümlədən sənaye zonaları və Ələt Azad İqtisadi Zonasını yaratmışıq”.
İqtisadiyyat naziri diqqətə çatdırıb ki, Xəzər dənizində ən böyük Bakı beynəlxalq dəniz ticarət limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası öz rezidentlərinə vergi güzəştləri və gəlirlərin repatriasiyası azadlığı təklif edir.
Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycanın sənaye zonaları 10 il müddətinə müxtəlif vergilərdən azad olunmaqla, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq üçün müstəsna imkanlar yaradır: “Onların dövlət vəsaiti hesabına yaradılan müasir infrastrukturu sahibkarlığın inkişafı üçün əlverişli imkanlar təqdim edir”.