Bərpaolunan enerji mənbələrinin optimal inkişaf strategiyası hazırlanacaq

2024.05.06 12:34 (UTC+04:00)

Cari ilin 1 may tarixində Daşkənd şəhərində keçirilmiş Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirliklərinin rəhbərlərinin görüşü zamanı imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu”nun icrası yaşıl enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan enerji mənbələrindən səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Fuad Muştaqov deyib.

Onun sözlərinə görə, sənəd enerji sistemlərinin inteqrasiyasına nail olmaq, bərpaolunan enerji mənbələrindən enerji istehsalının artırılması və ixrac edilməsi məqsədilə imzalanıb. Layihə çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistanda bərpaolunan enerji mənbələrinin optimal inkişaf strategiyası və baş planın hazırlanması, enerji sistemlərinin birləşdirilməsinin həlli yollarının tapılması nəzərdə tutulub. Sözügedən layihə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Saziş əsasında həyata keçirilən Xəzər dənizi-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi ilə birlikdə yaşıl enerjinin ixracı potensialının artımına töhfə verəcək.

İlhamə İSABALAYEVA