Moskvada Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk ilə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.
"Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı Rusiya hökumətinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyinə daxil edilən ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın aktual məsələləri müzakirə olunub.
Tərəflər ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriblər.
Hökumətlərarası Komissiyanın həmsədrləri əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönələn konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.