ABŞ-yə məhsul ixracı artıb

2024.05.03 18:00 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin ümumi həcmi 52,6 faiz və ya 56,79 milyon ABŞ dolları artaraq 164,7 milyon dolları üstələyib.

"Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə Azərbaycandan ABŞ-yə 12,3 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən 8,1 dəfə və ya 10,8 milyon dollar çoxdur.

ABŞ-dən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 43,2 faiz və ya 45,9 milyon dollar artaraq 152,3 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 1,69 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,78 faiz bəndi çoxdur.