Fransa təyyarə biletlərinin qiymətinə ətraf mühit vergisi əlavə edəcək

2019.07.15 13:20 (UTC+04:00)

Nəqliyyat naziri Elizabet Borne gələn ildən başlayaraq təyyarə biletlərinin qiymətinə 1,5 avrodan 18 avroyadək ekoloji vergi tətbiq olunacağını bildirib. Bu verginin tranzit reyslərə və okeanın o üzündəki ölkələrə uçuşlara tətqbiq edilməyəcəyini vurğulayan nazir əsas məqsədin ətraf mühitin qorunmasına daha yaxşı şərait yaradan nəqliyyat infrastrukturu yaratmaq olduğunu deyib. Hökumətin təxminlərinə görə, nəzərdə tutulan vergi sayəsində hər il 182 milyon avro əlavə vəsait əldə ediləcək və həmin pul qarşıya qoyulmuş hədəfə nail olmağa yönəldiləcək.

Nazirin bu açıqlamasından sonra Fransanın milli hava yolu şirkətinin - "Air France"ın səhmləri 4,5 faiz, Almaniyanın "Lutfhanza" hava yolu şirkətinin səhmləri də 3 faiz ucuzlaşıb. Ekoloji vergi əsas etibarilə ətraf mühitin qorunması baxımından çirkləndirmə vergisi adlandırılır. Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyində hava nəqliyyatının payı 5 faiz, karbon qazı emissiyalarındakı payı isə 2,7 faizdir.