Valyuta bazarında sabitlik yaranıb

2024.05.01 17:13 (UTC+04:00)

“Azərbaycanın valyuta bazarında kəskin tələb artımı müşahidə olunmur, mart ayından etibarən proseslər sabitləşib”.

Bu fikri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, ilin əvvəlində xarici valyutaya olan tələbin artmasına bir neçə amil təsir edib: “Öncə onu qeyd edim ki, I rübdə büdcə xərcləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28%-dən çox artıb. Həmin xərclərin 45%-dən bir az artığı əsaslı xərclərdir. Həmçinin, hüquqi şəxslərin idxalla bağlı avans ödənişlərində də artım olub. Bundan əlavə, iqtisadiyyata investisiyaların artımını da müşahidə etdik. Daxili mənbələr hesabına artan investisiyalar 12%-dən çox olub. Bunların hamısı valyutaya tələb yaradırdı. Buna paralel olaraq, əhali arasında əsassız aktivlik olub ki, bu da tələbin artmasına müəyyən təsir göstərib”.