“Bakı Alüminium Profil” MMC özəlləşdirilib

2024.05.01 11:07 (UTC+04:00)

“Bakı Alüminium Profil” MMC-nin dövlətə məxsus paylarının satışı ilə bağlı elan edilən investisiya müsabiqəsinə yekun vurulub.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi zərflər açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Mətanət-A” şirkəti investisiya müsabiqəsinin qalibi elan olunub və müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə uyğun olaraq, investor artıq dövlət büdcəsinə 3 milyon manat köçürüb, müəssisənin eyni məbləğdə kreditor borclarını ödəyib. Müsabiqənin qalibi 2 il ərzində müəssisədə 5 milyon 50 min manat həcmində İnvestisiya Proqramını icra etməlidir. Proqram çərçivəsində mövcud tikililərin təmiri, avadanlıqların bərpası, yeni quru inşaat qarışıqları zavodunun qurulması, avadanlıq, maşın-mexanizm və texnikanın alınması (ofis avadanlığı və nəqliyyat vasitələri daxil olmaqla), infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, qaz təchizatı, yol çəkilişi və s.) nəzərdə tutulur.

İnvestisiya Proqramının icrası müəssisədə 100 yeni iş yerinin açılmasına imkan yaradacaq.