Biznes və investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, resurslardan səmərəli istifadə Azərbaycan iqtisadiyyatında müsbət dinamikanın davamlılığına zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli iqtisadi islahatlar həyata keçirilir, iqtisadiyyatın diversifikasiyası, dövlət-sahibkar münasibətlərinin inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Qeyri-neft sahəsinin inkişafı, yerli və xarici investisiyaların Azərbaycana cəlb olunması, müasir texnologiya və biliklərin əldə edilməsi vasitəsilə ölkə iqtisadiyyatının modernləşdirilməsi və rəqabətədavamlılığının artırılması məqsədilə yaradılmış "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) də bu istiqamətdə öz töhfəsini verir. 18 il bundan öncə yaradılmış AİŞ fəaliyyətinin strateji xəttinə uyğun olaraq, müddətli investisiya qoyuluşu həyata keçirir. Bununla yanaşı, şirkət digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını (səhmlərini) alır, həmçinin kapital paylara və səhmlərə bərabər tutulan digər investisiya alətlərindən istifadə edir.
2020-ci ildən etibarən şirkətdə aparılmış restrukturizasiya nəticəsində, beynəlxalq təcrübənin mənimsənilməsi, müasir idarəetmə institutunun yaradılması, kadr potensialının təkmilləşdirilməsi istiqamətində nəticəyönümlü işlər görülmüşdür. Buna müvafiq olaraq, investisiya və risk siyasəti təkmilləşdirilmiş və müasir fəaliyyət standartlarına uyğunlaşdırılmışdır. Bütün AİŞ portfel şirkətləri üçün üç illik strateji inkişaf planı hazırlanmış, onların fəaliyyətini idarə etmək üçün yeni nəzarət mexanizmləri tətbiq edilmiş və sahibkarlara daha effektiv iş modeli qurma və korporativ idarəetmə standartlarını tətbiq etmələrinə dəstək göstərilmişdir. AİŞ-in 2020-2022-ci illərdə audit olunmuş maliyyə hesabatlarından da göründüyü kimi, qurum həmin dövr üzrə fəaliyyətini 23.7 milyon manat xalis mənfəətlə tamamlamışdır. 2023-cü il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun olaraq hazırlanmış hesabatların auditi davam edir.
Gəlirlərin strukturuna baxdıqda, şirkətin 2020-2023-cü illər ərzində gəlirlərinin 42%-i (17.5 milyon manat) investisiya yatırdığı şirkətlərdən əldə etdiyi dividend, pay satışı və təsisçi borcu üzrə hesablanmış faizin ödənişindən formalaşıb. 2023-cü ilin 31 dekabr tarixinə şirkətin ümumi investisiya portfeli 325 milyon manat, o cümlədən səhm, pay portfeli və səhmə bərabər tutulan investisiya alətləri üzrə 228 milyon manat (70%), sabit gəlirli portfeli üzrə 80 milyon manat (25%) və sərbəst vəsaitlər üzrə 17 milyon manat (5%) təşkil edir.
Yerli və xarici tərəfdaşlarla birgə reallaşdırılan layihələr
İdxaldan asılılığın azaldılması, yerli istehsala dəstək, eləcə də istehsal olunacaq məhsulların istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsi məqsədilə 2020-2023-cü illər ərzində AİŞ tərəfindən yerli və xarici tərəfdaşlarla birgə əczaçılıq, qida emalı, logistika, alternativ enerji, dağ-mədənçilik və s. sahələr üzrə bir sıra layihələr həyata keçirilib. Bunlara misal kimi aşağıdakıları qeyd etmək olar:
Ölkəmizdə əczaçılıq sahəsinin inkişaf etdirilməsi üçün AİŞ və “Diamed Development Group” MMC arasında infuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb və 2023-cü ilin 15 avqust tarixində dövlət başçısı cənab İlham Əliyev tərəfindən zavodun açılışı həyata keçirilib. Zavodda 51 nəfər daimi işlə təmin edilib.
Azərbaycanda müstəqillik dönəminin tam istehsal prosesi olan ilk dərman zavodunun tikintisi və fəaliyyəti məqsədilə Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti ilə AİŞ arasında müqavilə imzalanmış və hazırda zavodun tikintisi istiqamətində hazırlıq işləri tamamlanır. Nəticədə, ən azı 50 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
İçki istehsalı üçün xammal olan səməni arpasının emalı layihəsi üzrə İmişli rayonunda AİŞ, “AzərŞəkər” MMC və “Azərsun Kənd Təsərrüfatı Malları” MMC-nin birgə investisiyası ilə reallaşdırılacaq müəssisənin təməli qoyulub. Bundan əlavə, “AzərŞəkər” MMC ilə əməkdaşlığın davamı olaraq, ölkə iqtisadiyyatına mühüm töhfə verəcək və ölkəmizdə becərilən buğdadan daha yüksək dəyərə malik məhsulların alınması üçün buğdanın dərin emalı müəssisəsinin yaradılması istiqamətində işlər davam etdirilir.
AİŞ Balakən rayonunda yerləşən, müasir texniki avadanlıqlarla təchiz olunmuş, nəzdində yuyulma, soyulma, soyutma və qablaşdırma sexləri fəaliyyət göstərən quru və yarımquru meyvələrin istehsalı üzrə fəaliyyət göstərən “Balxurma” və “Balacans” şirkətlərinə sərmayə yatıraraq, bu şirkətlərin istehsal etdiyi məhsulların regional bazarına çıxışını asanlaşdırıb.
Bir müddət əvvəl AİŞ ixrac daşımalarını optimallaşdırmaq və yerli istehsal mallarını sürətli və sərfəli vasitələrlə dünya bazarına çıxarmaq məqsədilə beynəlxalq logistika və daşıma sahəsində fəaliyyət göstərən “Login International” şirkətinə sərmayə qoyub. Layihə həmçinin beynəlxalq logistika sahəsində yerli sahibkarların rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.
Avropa ölkələrinin qabaqcıl texnologiyalarına əsaslanan, Cənubi Qafqazda ilk alüminium içki qutularının istehsalı və doldurulması üzrə zavodun Azərbaycanda inşası məqsədilə Macarıstanın tanınmış “HELL Energy” şirkətlər qrupu ilə AİŞ “Quality Pack Caspian” MMC şirkətini təsis etmişdir. Zavod fəaliyyətə başladıqdan sonra ən azı 280 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir. Hazırda layihələndirmə işləri yekunlaşdırılır və yaxın zamanda Ələt Azad İqtisadi Zonasında yerləşən zavodun tikinti işlərinə başlanılması nəzərdə tutulur. Yeri gəlmişkən, “Financial Times”ın “FDI Intelligence” nəşri 2023-cü ildə birbaşa xarici investisiyaların artım sürətinə görə şəhərlərin TOP 100 reytinqini açıqlayıb. Bakı reytinq sıralamasında 3-cü yerdə qərarlaşıb. Nəşrin məlumatına görə, Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmalar 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələrdir. Qeyd olunur ki, bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya təkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyon dollar sərmayə yatırılacağına dair saziş imzalanıb.
İsrailin “OurCrowd” vençur şirkəti ilə əməkdaşlıq çərçivəsində AİŞ ilk dəfə 3D soyuq çap texnologiyasından istifadə etməklə polipropilen və polietilendən sənaye məhsullarının hazırlanması üzrə ixtisaslaşan “Largix” və elektrik avtomobillərdə etibarlı təhlükəsizlik həlləri təmin edən kibertəhlükəsizlik platformasının inkişafında ixtisaslaşan “C2A Security” texnoloji startap layihələrinə investisiya yatırıb.
Tullantıların innovativ və davamlı emalına töhfə verən piroliz qazı istehsalı məqsədilə İtaliyanın “Technip Energies Italy S.p.A” Şirkəti ilə, eyni zamanda Avropa ölkələrinin qabaqcıl texnologiyalarına əsaslanan lisenziyalı premium içkilərin istehsalı üçün yeni zavodun tikintisi məqsədilə Gürcüstanın “Georgian Beer Company” (“Zedazeni”) şirkətilə əməkdaşlıq müqavilələri bağlanmış və səhmdar müqavilələrin yaxın zamanda imzalanması gözlənilir.
Yevlax Pilot Aqropark ərazisində ən son texnologiya və müasir proseslərdən istifadə etməklə yerli damazlıq yumurta istehsalı zavodunun tikintisi məqsədilə AİŞ və İsrailin “AgriGo LTD” şirkəti arasında Səhmdarlar Müqaviləsi imzalanmışdır. 2024-cü ilin əvvəlində zavodun tikintisinə başlanılmışdır.
2020-2023-cü illər ərzində AİŞ-ə 200-dən çox investisiya layihəsinə dair müraciət daxil olmuş, təhlillər nəticəsində 15 layihə ilə əlaqədar Müşahidə Şurası investisiya qoyulmasına dair qərar qəbul edib. Şirkətdə hər layihə üzrə yüksəkixtisaslı mütəxəssislər tərəfindən analitik təhlillər aparılır, bazar araşdırması həyata keçirilir. Yuxarıda qeyd olunanlarla birgə, ümumilikdə həyata keçirilmiş 15 layihənin ümumi investisiya dəyəri 805 milyon manat, AİŞ-in iştirak payı isə 70.4 milyon manat təşkil edir. Bu layihələrin böyük əksəriyyətini müxtəlif sənaye sahələrinə aid yeni qurulan layihələr təşkil edir və bu investisiyalar artıq inkişaf və ya tikinti mərhələsindədirlər.
Qabaqcıl texnologiyaların, avadanlıqların və nou-haunun xaricdən ölkəyə gətirilməsini təmin etmək, bu əsasda texnoloji strukturu yeniləmək, sənaye istehsalını canlandırmaq və artırmaq baxımından birbaşa xarici investisiyalar əhəmiyyətli rola malikdir. Bu cür investisiyaların cəlb edilməsi AİŞ-in prioritetlərindəndir. Hazırda şirkətin iştirak payı olan 15 layihədən 9-u xarici investisiya yatıran tərəfdaşlarla həyata keçirilir. Xarici tərəfdaşlarla həyata keçirilən bu layihələrin icrası nəticəsində Azərbaycana cəlb edilən birbaşa xarici investisiya məbləği ümumilikdə 410 milyon manat təşkil edir və bununla 1600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr
İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə qarşıya qoyulmuş hədəflərə uyğun olaraq həmin ərazilərdə dağ-mədən və alternativ enerji sahələrində olan layihələr başlanmışdır. Ağdam rayonunda Şahbulaq daş karxanası layihəsinə investisiya qoyuluşu məqsədilə AİŞ tərəfindən “Star Mining” MMC ilə birgə “Shahbulag Mining” MMC şirkəti təsis edilmiş və hazırda layihəyə 160-dan çox işçi cəlb edilmişdir. AİŞ və Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” arasında Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpası və yenidən qurulması, uzun müddətə istismar və fəaliyyətinin təşkil edilməsinə dair Birgə İştirak müqaviləsi imzalanmışdır. Qeyd edilən stansiyalar fəaliyyətə başladıqdan sonra ən azı 60 nəfərin daimi iş yeri ilə təmin edilməsi gözlənilir.
Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və ölkəmizin bərpaolunan enerji potensialının inkişafı məqsədi ilə AİŞ, SOCAR və bp şirkətləri ilə Cəbrayıl rayonunda 240 MVt gücündə günəş paneli stansiyasının tikintisini nəzərdə tutan, AİŞ-in “Şəfəq” (“Sunrise”) layihəsinə daxil olmaq niyyətini əks etdirən Qoşulma Sazişi imzalanmışdır. Layihənin əsas məqsədi “Səngəçal” terminalında qazdan alınan enerjini günəş enerjisi ilə əvəz etməkdir.
AİŞ-in qarşısında duran hədəflər və yeni çağırışlar
Bütün sadalanan və artıq təsdiq olunmuş layihələrin reallaşdırılması ilə yanaşı, AİŞ yerli və xarici investorlarla ölkəmizdə, beynəlxalq platformalarda və formatlarda görüşlər keçirərək, Azərbaycanda və xaricdə yeni birgə investisiya imkanlarını müzakirə edir və yeni layihələrin cəlb edilməsi istiqamətində işlər görür. Hazırda yüngül və ağır sənayə, əczaçılıq, alternativ enerji, qida emalı, dəniz suyunun duzsuzlaşdırılması, tullantıdan enerji əldə edilməsi, səhiyyə və s. sahələri əhatə edən BƏƏ-nin “Masdar”, Çinin ən böyük avtomobil və elektrik batareyalar istehsalçısı olan “BYD Auto Industry Co Ltd.” və ən böyük anod istehsalçısı “Sunstone Development Co Ltd”, Türkiyənin iri holdinqlərindən “Aksoy” və şüşə məhsulları və şüşə tara istehsalçısı “Gürok Group” daxil olmaqla ümumi investisiya dəyəri 2.3 milyard ABŞ dolları olan 22 layihə ilə əlaqədar tərəfdaşlarla danışıqlar aparılır və bu layihələrəin həyata keçirliməsi istiqamətində işlər görülür. Bu layihələrin icrası nəticəsində 1.6 milyard ABŞ dolları məbləğində birbaşa xarici investisiyanın cəlb edilməsi və 2000-ə yaxın yeni iş yerlərinin yaradılması nəzərdə tutulmuşdur.
Eyni zamanda, şirkət sərəncamında olan sərbəst vəsaitlərin səmərəli idarə edilməsində də inkişaf etmiş ölkələrin investisiya fondları tərəfindən geniş tətbiq olunan beynəlxalq təcrübəyə uyğun olaraq, müsbət nəticələr əldə etmişdir. 2020-2023-cü illər ərzində likvid vəsaitlərin səmərəli idarə olunmasından əldə olunan orta illik gəlir 3 dəfə artmışdır. Bununla yanaşı, şirkətin investisiya portfelinin sağlamlaşdırılması istiqamətində də işlər həyata keçirilir.
AİŞ tərəfindən atılmış addımlar son illərdə iqtisadiyyatımızda baş verən islahatların bir hissəsi kimi, ölkəmizin qeyri-neft sektorunun davamlı inkişafına töhfə verməkdədir. Şirkət xarici investorların ölkəmizə cəlbi və dövlətimizin bu sahədə etibarlı tərəfdaş kimi tanıdılması, yeni iş yerlərinin yaradılması istiqamətində fəaliyyətini davam etdirir.