İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkəmizdə vergitutma sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini aparıb. Təhlil zamanı beynəlxalq reytinq cədvəllərinin indikatorlarından və vergitutma sahəsində mövcud olan əsas meyarlardan istifadə edilib.
130-dən çox sual ətrafında hazırlanmış təhlil vergitutma qaydalarının aydınlığı və şəffaflığı, vergi idarəetməsındə rəqəmsallaşma, vergi ödəyiciləri üçün xidmətlər, audit, mübahisələrin həlli mexanizmləri, vergi orqanının idarə olunması, məlumatların şəffaflığı və ictimai hesabatlılıq kimi aspektləri əhatə edir. Təhlildə cavablandırılan bütün suallar üzrə hüquqi əsaslandırmalar və istifadə olunmuş mənbələr göstərilib. İctimaiyyət üçün açıq olan bu material vergitutma sahəsində geniş məlumat bazası rolunu oynamaqla etibarlı informasiyaya əlçatanlığı təmin edir, həmçinin tədqiqatçılar, vergi qanunvericiliyi və inzibatçılığı sahəsində mövcud qaydalar barədə məlumat əldə etmək istəyən şəxslər və ekspertlər üçün bələdçi kimi istifadə oluna bilər.
Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş təhlil materialı bu sahə ilə maraqlanan hər kəs üçün əlçatandır və sənədin təkmilləşdirilməsi, bu sahədə biznes mühitinin yaxşılaşdırılması üçün bütün təkliflərə açıqdır.
Qeyd edək ki, Dövlət Vergi Xidməti tərəfindən vergitutma sahəsində vergi ödəyiciləri üçün maraq kəsb edən yeni mütərəqqi təcrübələrin tətbiqi imkanları daim araşdırılır. 2022-2023-cü illərdə ölkəmizdə “Vergitutma” sahəsində Yol Xəritəsi icra edilib, bu sektorda biznes mühitinin təkmilləşdirilməsi üçün bir sıra layihələr həyata keçirilib.