Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb

2024.04.24 14:34 (UTC+04:00)

“Financial Times” qrupunun “FDI Intelligence” nəşri 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP 100 reytinqini açıqlayıb.

Bakı reytinq sıralamasında 3-cü yerdə qərarlaşıb. Nəşrin məlumatına görə, Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmalar 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələrdir. Qeyd olunur ki, bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya təkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyon dollar sərmayə yatırılacağına dair saziş imzalanıb.

Qeyd edək ki, ötən il Bakıda iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Macarıstanın “Hell Group” şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən, Ələt Azad İqtisadi Zonasında illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni zavodun tikintisi nəzərdə tutulur. İstehsal olunacaq məhsullar daxili tələbatı ödəməklə yanaşı, Mərkəzi Asiya ölkələrinə də ixrac ediləcək. Layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılması planlaşdırılır. Layihənin investisiya dəyəri 211 milyon dollardır.

Azərbaycanın əlverişli biznes və investisiya mühiti bir çox xarici investorları ölkəmizə cəlb edir, iqtisadiyyatın bir çox sahələrində önəmli layihələr icra olunur, yeni iş yerləri yaradılır.

2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Azərbaycan Vanhong Ceramics Co” MMC-nin keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. 100% Çin kapitallı müəssisəyə 50 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 500-ə yaxın yeni iş yeri yaradılıb.

Azərbaycana böyük həcmdə investisiyanın yatırılacağı daha bir layihə Sumqayıt Kimya Sәnaye Parkında Çinin “BYD Company Limited” şirkәti ilә әmәkdaşlıq çәrçivәsindә elektrik mühәrrikli avtobusların istehsalı layihəsidir. Layihәdә AİŞ payçı kimi iştirak edәcәk. BYD şirkәti tәrәfindәn layihəyə ilkin olaraq 34 mln. ABŞ dolları, daha sonra isə əlavə dəyər yaradan investisiya layihələrinin icrasına 60 milyon ABŞ dolları mәblәğindә investisiyanın yatırılması nəzərdə tutulur. Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsalın 3-cü ilindәn elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrinin lokallaşdırılması nәzәrdә tutulub.

Həmçinin AİŞ və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında imzalanmış Birgə İştirak Müqaviləsinə uyğun olaraq 2023-cü ildə Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməli qoyulub. Layihənin investisiya dəyəri 35 milyon dollardır. Bundan başqa, İsrailin “BioPharmax” şirkəti ilə Ələt Azad İqtisadi Zonasında layihə dəyəri 45 milyon avro olan əczaçılıq müəssisənin tikintisi həyata keçirilir.

Sahibkarlara önəmli güzəştlər və stimullar təqdim edən Ələt Azad İqtisadi Zonasında sənaye avadanlıqlarının, tikinti materiallarının istehsalı, aviasiya, gəmiçilik, neft-kimya və digər istiqamətlər üzrə layihələrin icrası nəzərdə tutulur.

Həmçinin AİŞ-in iştirakı ilə Türkiyənin “Demirören” şirkəti ilə regionlarımızda kiçik su elektrik stansiyalarının bərpası və istismarı layihəsi üzrə 15 milyon ABŞ dolları, İsrail şirkəti ilə damazlıq yumurta istehsalı layihəsi üzrə 20 milyon manat investisiya yatırılması nəzərdə tutulur.

Bunlarla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı pilot layihəsinin həyata keçirilməsi ilə bağlı işlər davam etdirilir.

“Financial Times”ın “FDI Intelligence” nəşrinin reytinq cədvəlində ilk yeri Almaniyanın Manheyim şəhəri, ikinci yerdə isə Rumıniyanın Krayova şəhəri yer alıb. Hesabatda bildirilir ki, 2023-cü ildə dünya üzrə şirkətlər tərəfindən 1,33 trilyon dollar dəyərində birbaşa xarici investisiyaların qoyulması barədə razılığa gəlinib ki, bu da əvvəlki illə müqayisədə 4% çoxdur.

Böyük Britaniyanın dünyaca məşhur “Financial Times” nəşrinə məxsus “FDI Intelligence” iqtisadiyyatın bir çox sektorları üzrə qlobal və regional bazarların və korporativ investisiya mühitinin dərin təhlili üzrə ixtisaslaşıb. Nəşrin “FDI 100” metodologiyası birbaşa xarici investisiyaların cəlbi baxımından sürətlə inkişaf edən 100 regionun öyrənilməsinə əsaslanır. Reytinq özəl kapital bazarları üzrə məlumatların qiymətləndirilməsi və elan edilmiş investisiya layihələrinin sayını, kapital qoyuluşunun və birbaşa xarici investisiyaların artım tempini, habelə investisiyalar hesabına yaradılacaq yeni iş yerlərinin sayını nəzərə alır.