Şəffaflaşma prosesi vergi daxilolmalarının, e-qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artmasına şərait yaradıb

2019.07.15 10:58 (UTC+04:00)

Statistika deyir ki…

Vergilər Nazirliyinin rəsmi məlumatına əsasən, qeyri-neft sektorunda şəffaflaşma proseslərinin sürətlənməsinin nəticəsi olaraq, 2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyələr 8 faiz artıb. ƏDV dövriyyəsində artım isə 9,6 faiz təşkil edir. Ticarət və ictimai iaşə sektoru daha yüksək artım göstəriciləri nümayiş etdirir. Topdansatış ticarət sektorunda dövriyyə 18,4 faiz, o cümlədən ƏDV dövriyyəsi 24,6 faiz artıb. Pərakəndə ticarət sektorunda dövriyyə daha yüksək templə - 37,3 faiz, o cümlədən ƏDV dövriyyəsi 38,2 faiz artıb. İctimai iaşənin dövriyyəsində isə artım 20,6 faiz təşkil edir. Şəffaflaşmanın nəticələrini əks etdirən daha bir mühüm indikator e-qaimə ilə rəsmiləşən dövriyyələrin artımıdır.

2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft
sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin
cəmi dövriyyədə xüsusi çəkisi 59,5 faizdən 65,7 faizə yüksəlib

2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 59,5 faizdən 65,7 faizə yüksəlib. Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artan məbləğinin 81,3 faizi ticarət və sənayenin payına düşüb. Bu sektorda dövriyyənin nominal artım tempinin ÜDM-in nominal artım tempini üstələməsi, e-qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisinin artması gəlirlərin şəffaflaşması və əqdlərin sənədləşməsi səviyyəsinin yüksəlməsini göstərir ki, bu da "kölgə iqtisadiyyatı"nın həcminin azalmasına işarə edir.

2019-cu ilin yanvar-may aylarında istehsal və topdansatış ticarətin toplam dövriyyəsi 16,3 faiz, o cümlədən sektorlar üzrə elektron qaimə-faktura ilə rəsmiləşən toplam dövriyyə 38,3 faiz artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 43,7 faiz, istehsalda isə 30,1 faiz artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi ticarət dövriyyəsində xüsusi çəkisi 68,9 faizdən 83,6 faizə, istehsalda isə 65,7 faizdən 75,4 faizə yüksəlib.

Vergi daxilolmaları sahəsindəki vəziyyətə dərindən nəzər salsaq,
onda bu sahədə çox ciddi uğurların qazanıldığını aydın görə bilərik

Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artım tempi həm topdansatış, həm də pərakəndə ticarətdə 43,7 faizə çatıb. Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin həcmində ən yüksək artım templəri kənd təsərrüfatında (91,8 faiz), ticarətdə (43,7 faiz), rabitədə (24,2 faiz), sənayedə (16,9 faiz) və digər fəaliyyət sahələrində (29,9 faiz) müşahidə olunur. Bütün fəaliyyət sahələrində elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin artması qeydə alınıb.

Şəffaflaşma baxımından müsbət proseslərdən biri də pərakəndə ticarətdə və ictimai iaşədə əldə edilən elektron qaimə-fakturaların dəyərinin, müvafiq olaraq, 70,1 faiz və 56,3 faiz artmasıdır.

İqtisadçı rəyi

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, cari ilin son beş ayının statistikasına nəzər salsaq, ölkədə aparılan vergi islahatlarının səmərəliliyini əks etdirən nəticələrin tam pozitiv olduğunu görərik: "Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarına dair proqnozlara 108,3 faiz əməl edilib. Vergi daxilolmaları sahəsindəki vəziyyətə dərindən nəzər salsaq, onda bu sahədə çox ciddi uğurların qazanıldığını aydın görə bilərik".

F.Yusifov qeyd edib ki, əvvəllər vergi daxilolmaları zamanı sahibkarların növbəti dövrlər üçün vergi ödəmək praktikasından geniş istifadə edilirdi: "İndi daxilolmalar müəssisələrin faktiki fəaliyyəti əsasında ödənilən vergilərdir. Digər tərəfdən, unutmayaq ki, 2018-ci ilin dövlət büdcəsinin ilkin variantı ilə müqayisədə vergi yığımı üzrə proqnozlarda kifayət qədər böyük artımlar baş verib. Deməli, bir qədər dərindən yanaşdıqda, bütövlükdə vergi daxilolmaları sahəsində nə qədər uğurlu nəticələrin əldə edildiyini görmək mümkündür. Bu nəticələr ölkədə aparılan vergi islahatları və Vergilər Nazirliyinin fəaliyyətinin yeni islahatlara uyğun yenidən qurulması nəticəsində mümkün olub".

Fəxriyyə İKRAMQIZI