Azərbaycan biznesə başlama sahəsində dünyanın ən yaxşı təcrübələrindən birinə malikdir. Belə ki, ölkəmizdə biznesə başlamaq üçün tələb edilən prosedurlar rahat və sadədir.
Bu qeydiyyat sisteminin qurulmasında əsas məqsəd biznesə başlamaqla bağlı prosedurların sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılması olub. Bir neçə il əvvələ nəzər salsaq, “bir pəncərə” sisteminin tətbiqinin ilk dəfə məhz vergi ödəyicilərinin qeydiyyatı sahəsində işə salındığını qeyd etmək olar. Sonradan bu proses daha da təkmilləşdirilib. 2018-2019-cu illərdə aparılmış islahatlarla biznesin qeydiyyatında yeni üsullar tətbiq olunub, qeydiyyat prosesi tam elektronlaşdırılıb. Yerli investisiyalı MMC-lərin qeydiyyatı müddəti 20 dəqiqəyə qədər azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı isə sıfıra endirilib.
Dünya Bankı Qrupunun təqdim etdiyi “Əlverişli Biznes Mühiti”
layihəsi investisiya mühitinin yerli və xarici investorlar
üçün cəlbediciliyinin artırılmasına yönələn yanaşmadır
Azərbaycanda biznesin qeydiyyatı sahəsində əldə edilmiş nəticələr beynəlxalq reyniqlərdə də yüksək qiymətləndirilib. Dünya Bankının əvvəlki qiymətləndirməsi - “Doing Business 2020” hesabatının “Biznesə başlama” indikatoru üzrə Azərbaycan 190 ölkə arasında 9-cu yerdə olub. Bu, “Etalon Qanunvericiliyə Yaxınlıq” indeksi üzrə 96,2%-dir. “Doing Business 2020” hesabatında Azərbaycan "dünyanın ən islahatçı on ölkəsindən biri" mövqeyində qərarlaşıb. "Bir prosedurla qeydiyyat" layihəsini isə Korporativ Qeydiyyatçılar Forumunun (CRF) İcraiyyə Komitəsi 2021-ci ilin mart ayında “Təqdir” kateqoriyasında mükafata layiq görüb. Bir müddət əvvəl Dünya Bankı tərəfindən yeni imkanlar vəd edən "Əlverişli Biznes Mühiti" layihəsinin həyata keçirilməsinə başlayıb.
Ölkəmizdə biznesin qeydiyyatı zamanı təhlükəsizliyin təminatı
son zamanlar üçün çox ciddi çağırışdır və bu sahədə aktiv iş aparılır
Biznesin qeydiyyatı keyfiyyətcə yeni mərhələyə daxil olur
Dünya Bankı Qrupunun təqdim etdiyi “Əlverişli Biznes Mühiti” layihəsi investisiya mühitinin yerli və xarici investorlar üçün cəlbediciliyinin artırılmasına yönələn yanaşmadır. Azərbaycan bu layihədə aktiv təmsil olunur. “Doing Business” hesabatında biznesin mümkün qədər qısa bir müddətdə, az prosedurla, az xərc çəkməklə qeydiyyatının həyata keçirilməsi əsas meyar kimi götürülürdüsə, artıq “Əlverişli biznes mühiti” üzrə yeni yanaşmada məsələyə daha geniş yanaşılır. Burada rəqəmsal xidmətlərin mövcudluğu, dövlət orqanları arasında daha sonrakı inteqrasiya prosesinin mövcud olub-olmaması, bu proseslərdə ekoloji amillərin nəzərə alınması, beynəlxalq təcrübədə göstərilən meyarlara cavab verib-verməməsi kimi yeni göstəricilər qiymətləndirilir. Bu layihə biznesin təhlükəsizliyinin qorunmasını da gündəmə gətirir. Ölkəmizdə biznesin qeydiyyatı zamanı təhlükəsizliyin təminatı son zamanlar üçün çox ciddi çağırışdır və bu sahədə aktiv iş aparılır. Bir sıra hallarda vətəndaşların xəbəri olmadan adlarına şirkətlərin açılması kimi xəbərlər bu işlərin daha da sürətləndirilməsini şərtləndirib.
Hüquqi şəxslərin qeydiyyatı zamanı daha təhlükəsiz alətlərin
tətbiqi üzərində iş aparılır. Elektron qeydiyyatın biometrik eyniləşdirmə,
yəni “üz tanıma” üsulu ilə həyata keçirilməsi nəzərdə tutulur.
Bu yeniliyin tətbiqindən sonra şəxsin özünün iştirakı
olmadan onun adına şirkət yaratmaq mümkün olmayacaq
Birgünlük şirkətlərlə saxta əməliyyatların həyata keçirilməsi məhdudlaşdırılır
Birgünlük və saxta əməliyyatların həyata keçirilməsi məqsədilə müəssisələrin yaradılmasının qarşısının alınması üçün həmin kateqoriya şəxslərin hüquqi şəxs yaratmasını məhdudlaşdırmaq məqsədilə vergi orqanları tərəfindən müvafiq addımlar atılır. Bu istiqamətdə biznesin qeydiyyatı prosesində təkmilləşdirmələr aparılır. Bir müddət əvvəl fiziki şəxslərin və kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində bulud, açıq açar və “üz tanıma” texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imza olan “SİMA İmza”nın tətbiqinə start verilib. Hüquqi şəxsin onlayn qeydiyyatı zamanı hüquqi şəxsin təsisçisinə və rəhbərinə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalına digər gücləndirilmiş elektron imzalarla yanaşı, “SİMA İmza” elektron imza vasitəsilə də daxil olmaq imkanı yaradılıb. Daxilolma prosesində biometrik yoxlama (“üz tanıma”, canlılıq testi, rotasiya testi) təmin olunub. Hüquqi şəxslərin qeydiyyatı zamanı daha təhlükəsiz alətlərin tətbiqi üzərində iş aparılır. Elektron qeydiyyatın biometrik eyniləşdirmə, yəni “üz tanıma” üsulu ilə həyata keçirilməsi nəzərdə tutulur. Bu yeniliyin tətbiqindən sonra şəxsin özünün iştirakı olmadan onun adına şirkət yaratmaq mümkün olmayacaq. Bu da öz növbəsində vətəndaşları dələduzların hiyləsindən qoruyacaq. Biznesin qeydiyyatı sahəsində həyata keçiriləcək təkmilləşdirmələrə MMC-lərin qeydiyyat məlumatlarında dəyişikliyin elektron qaydada həyata keçirilməsi ilə bağlı proqram təminatının hazırlanması, kommersiya qurumlarının benefisiar mülkiyyətçisi barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması kimi yeniliklər də daxildir. Ölkəmizdə biznesin təsis edilməsi təcrübəsi kommersiya hüquqi şəxsin elektron təsis edilməsi və elektron əməliyyatların həyata keçirilməsi üçün təhlükəsiz və etibarlı eyniləşdirmə alətlərinin yaradılması yolu ilə təkmilləşdirilir. Bütün bu tədbirlər yerli biznes mühitini daha cəlbedici edəcək.
Gülay NƏBİYEVA