Həyata keçirilən islahatlar bir çox sahələrdə fəaliyyətin leqallaşdırılmasına imkan yaradıb VİDEO

2024.04.24 12:34 (UTC+04:00)

Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi prosesi davam edir. 2024-cü ilin aprel ayının 1-nə respublika üzrə uçotda 1.537.952 vergi ödəyicisi olub ki, bunun da 87,3 faizini fiziki şəxslər, 12,7 faizini hüquqi şəxslər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz, hüquqi şəxslərin sayı isə 8 faiz artıb.

Sahibkarların uçot məlumatlarının düzgünlüyünün təmin edilməsi və "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması istiqamətində aparılan işlər bir çox sahədə fəaliyyətin leqallaşmasına, aktiv ödəyici kateqoriyasının artmasına imkan verib. 2024-cü il aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36.134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb.