Bu ilin birinci rübündə dövlət büdcəsində 821,7 milyon manat profisit yaranıb

2024.04.23 16:05 (UTC+04:00)

2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9234,3 milyon manat, xərcləri 8412,6 milyon manat olub, 821,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Bu barədə Maliyyə Nazirliyinin 2024-cü ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatında bildirilir.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 12,9 faiz çox icra edilməklə 6039,0 milyon manat təşkil edib.

2024-cü ilin birinci rübü üzrə dövlət büdcəsinin gəlirləri 8544,8 milyon manat proqnoza qarşı 9234,3 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 689,5 milyon manat və ya 8,1 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 11,4 faiz və ya 944,3 milyon manat çoxdur. Hesabat dövründə icrası təmin edilmiş gəlirlər cari ilin dövlət büdcəsi gəlirlərinin 27 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz bəndi çoxdur.