Bu kimi hallara cavab tapmaq üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinə nəzər yetirməliyik. Həmin maddədə qeyd olunur ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti: bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq, bir saat qısaldılır. Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə isə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.
Qeyd edək ki, hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istehsalat təqvimi təsdiq olunur. Həmin təqvimdə də Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri əks olunur. İstehsalat təqvimindən çıxarışda qeyd olunub ki, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq, tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən, altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Həmin Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq, bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
Qeyd olunanları bir neçə misal üzərindən nəzərdən keçirək:
Misal 1: “AA” MMC beşgünlük iş rejimi ilə fəaliyyət göstərir. Şirkət iş rejimini həftədə 5 günlük və 40 saatlıq, hər gün 8 saatlıq normada reallaşdırır. 2024-cü ilin aprel ayının 10-u və 11-i Ramazan bayramıdır, aprelin 9-u həftənin 2-ci günüdir. Ayın 10-u bayram günü olduğundan 9 apreldə işçilər artıq 8 saat yox, 7 saat işləyəcəklər.
Misal 2: “BB” MMC altıgünlük iş rejimi ilə fəaliyyət göstərir. Şirkət iş rejimini həftədə 6 günlük və 40 saatlıq, birinci-beşinci günlər 7 saat, altıncı günü isə 5 saatlıq normada reallaşdırır. 2024-cü ilin aprel ayının 10-u və 11-i Ramazan bayramıdır, aprelin 9-u isə həftənin 2-ci günüdir. Beləliklə, ayın 10-u bayram günü olduğundan 9 apreldə 7 saat yox, 6 saatlıq iş günü olacaq.
Misal 3: “AA” MMC beşgünlük iş rejimi ilə fəaliyyət göstərir. Şirkətin iş rejimi həftədə 5 günlük və 40 saatlıq, hər gün 8 saatlıq normada reallaşdırır. Həmçinin, cəmiyyətin bəzi işçiləri natamam iş rejimində çalışırlar. Bağlanmış əmək müqaviləsinə əsasən, işçi birinci-dördüncü günlər olmaqla 4 gün və hər gün 5 saat işləyir. Əvvəlki misallarda olduğu kimi, 2024-cü ilin aprel ayının 10-u və 11-i Ramazan bayramıdır, 9 aprel həftənin 2-ci günüdir. Bəs bu halda natamam iş rejimində işləyən işçiyə 1 saat qısaldılma düşürmü?
Bu rejimdə işləyən işçiyə 1 saat qısaldılma tətbiq edilməyəcək. Əmək Məcəlləsinin natamam iş rejimi ilə bağlı 94-cü maddəsində göstərilib ki, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı - natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın - ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. Maddənin 5-ci bəndində isə qeyd olunub ki, əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.
Əmək Məcəlləsinin 94-cü maddəsindən görünür ki, natamam iş rejimi ilə işləyən işçinin Əmək Məcəlləsi üzrə hüquqları məhdudlaşdırıla bilməz və bu səbəbdən 1 saat qısaldılma onlara da şamil edilməlidir. Eyni zamanda, yuxarıda qeyd etdiyimiz 108-ci maddə və istehsalat təqviminə nəzər yetirməliyik. Hər iki qaydada 1 saat qısaldılma normal iş rejiminə tətbiq edilib.
Hər il istehsalat təqvimləri təsdiq olunanda orada ilin 12 ayı və illik iş saatlarının norması da təsdiq edilir. Məsələn, 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması təsdiq ediləndə orada bayram və ümumxalq hüzn günündən əvvəl 1 saatın qısaldılması nəzərə alınıb və 1 saat çıxılandan sonra illik norma 1901 saat təşkil edir. Eyni zamanda qeyd edilir ki, altığünlük iş rejimində də bu normalar tətbiq olunur. Ancaq natamam iş rejimində 1 saat qısaldılma konkret nə Məcəllədə, nə də istehsalat normalarında qeyd olunub.
Bəs Əmək Məcəlləsinin 108-ci maddəsində olan “...həftəlik iş günlərinin sayından asılı olmayaraq...” ifadəsi necə başa düşülür? Bu hissədə həftənin iş günləri dedikdə, normal iş rejimində həftəlik 40 saat rejimi ilə çalışan beşgünlük və ya altıgünlük iş həftəsi başa düşülür.