Metronun "Nərimanov" stansiyasının yaxınlığında, Ağa Nemətulla küçəsi-44 ünvanda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzi saat 09:00-dan 18:00-dək fasiləsiz rejimdə çalışır və hər gün yüzlərlə vergi ödəyicisinə birbaşa xidmət göstərir. Sahibkarlar burada müxtəlif vergi xidmətlərindən istifadə edirlər. Burada vergilər barədə məlumat və izahatlar almaq, vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatını, qeydiyyatdan çıxarılmasını həyata keçirmək, vergi bəyannamələrini və müxtəlif hesabatları təqdim etmək, nəzarət-kassa aparatlarını qeydiyyata salmaq və qeydiyyatdan çıxarmaq, müxtəlif sənəd və arayışlar əldə etmək və s. xidmətlərdən faydalanmaq mümkündür.
Bu ilin əvvəlindən vergi qanunvericiliyində və inzibatçılığında baş verən dəyişikliklərdən sonra Vergi ödəyicilərinə xidmət mərkəzi də öz işini yeni tələblərə uyğunlaşdırmaq üçün bir sıra yeniliklər edib. Elə buradaca qeyd edək ki, mərkəzdə aparılmış yenidənqurma işlərindən sonra ödəyicilərə ümumilikdə 29 masa xidmət göstərəcək. Bu isə gün ərzində xidmət alan vergi ödəyicilərinin sayının artmasına və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə imkan verəcək. Əvvəllər gün ərzində orta hesabla 400-500 vergi ödəyicisi qəbul edildiyi halda. hazırda bu göstəricinin 2 dəfə artırılması mümkündür.
Məqsəd isə aydındır: vergi ödəyicilərinin qəbulu, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi məsələləri barədə onların məlumatlandırılması və izahat işlərinin aparılması, sualların cavablandırılması, elektron və şifahi xidmətlərin göstərilməsi zamanı vergi ödəyicilərinin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsidir. Mərkəzin texniki imkanlarının genişləndirilməsi daha çox ödəyiciyə xidmət göstərilməsinə, vergi ödəyicilərinin sərf etdikləri vaxtın isə azalmasına şərait yaradır.
Xidmət mərkəzinin texniki imkanlarının genişləndirilməsi daha çox ödəyiciyə xidmət
göstərilməsinə, vergi ödəyicilərinin sərf etdikləri vaxtın isə azalmasına şərait yaradır
Vergilər Nazirliyinin Kiçik sahibkarlıqla iş departamentinin direktor müavini İlkin Həsənov deyir: "Bu ilin əvvəlindən vergi qanunvericiliyində və inzibatçılığında baş verən dəyişikliklər sosial sığorta hesabatlarının Vergilər Nazirliyinə təqdim edilməsini nəzərdə tutur. Bu səbəbdən də Vergi ödəyicilərinə xidmət mərkəzlərinə edilən müraciətlərin sayında ciddi artımlar müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Vergilər Nazirliyinin xidmət mərkəzlərinə edilən müraciətlərin sayı 50 faizdən çox artıb. Buna görə də nazirlik tərəfindən xidmət mərkəzlərinin genişləndirilməsi, yeni xidmət mərkəzlərinin yaradılması ilə əlaqədar müəyyən işlər həyata keçirilir. Bu ilin əvvəlində "Binə" və "Sədərək" ticarət mərkəzlərində xidmət mərkəzləri istifadəyə verilib. Nərimanov rayonunda fəaliyyət göstərən xidmət mərkəzi isə genişləndirilib".
Bununla yanaşı, Vergilər Nazirliyi tərəfindən elektron xidmətlər də göstərilir. Hazırda bu xidmətlərin həm təkmilləşdirilməsi, həm də sayının artırılması istiqamətində işlər davam etdirilir.
Yeri gəlmişkən, Vergi ödəyicilərinə xidmət mərkəzində müasir standartlara uyğun olaraq "Özünəxidmət guşəsi" yaradılıb. İnternetə girişi olan kompüter avadanlıqları ilə təchiz edilmiş "Özünəxidmət guşəsi"nin təyinatı ondan ibarətdir ki, vergi ödəyiciləri buradakı masalara yaxınlaşmaqla öz hesabatlarını təqdim etsinlər, yaxud Vergilər Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlərdən fərdi şəkildə yararlana bilsinlər. "Özünəxidmət guşəsi"ndəki masalarda xidmət alan vergi ödəyicilərinə Vergilər Nazirliyinin əməkdaşları tərəfindən lazımi kömək göstərilir. Nazirliyin əməkdaşları vergi ödəyicilərinin hər hansı sualı yarandıqda onlara metodiki yardım edirlər.
Mərkəzdə yaradılmış bu şərait bura üz tutan vergi ödəyicilərinin də ürəyincədir. Bunu mərkəzə müraciət edən vergi ödəyicilərinin "Burada göstərilən xidmətlərin keyfiyyətindən razı qaldınızmı?" sualına verdiyi cavablar da təsdiqləyir.
Əli Abbasov: "Mən bura dünən də gəlmişdim, vergi hesabatını təqdim etmişdim, sosial sığorta hesabatını isə çatdıra bilməmişdim. Ona görə də bu gün yenidən gəldim və çox rahat şəkildə işimi görüb geri qayıdıram. Mərkəzdə vergi ödəyiciləri üçün yaradılmış şəraitdən, göstərilən xidmətlərin keyfiyyətindən çox razıyam. Hətta bilmədiyimiz məsələləri də Vergilər Nazirliyinin əməkdaşlarından soruşmaq imkanımız olur, hər bir sualımızı can-başla cavablandırır, bizə aydın olmayan məqamları səlis şəkildə izah edirlər. Vergi və sosial sığorta hesabatlarının bu şəkildə təqdim olunması həm bizim üçün rahatdır, həm də dövlətin gəlirlərini artırır. Vergi ödəyicilərinə bu cür şərait yaratdıqları üçün çox sağ olsunlar".
Mahmud Həqəri: "Çox razıyam. Hər gələndə çox rahatlıqla işimizi görüb gedirik. Mənim yoldaşım vergi ödəyicisidir, onun işi çıxdığından hesabatı mən təqdim etməli oldum. Heç bir maneə ilə rastlaşmadım, məni gözlətmədilər, qısa müddətdə işimi başa çatdırdım".
Samir İbrahimov: "Kiçik sahibkarlıq fəaliyyəti göstərirdim. Artıq fəaliyyətimi dayandırmışam və bununla bağlı 4 ay əvvvəl vergi orqanına müraciət etmişdim. Sahiblik etdiyim hüquqi şəxsin qeydiyyatının tam ləğv olunduğunu yoxlamaq üçün bura müraciət etdim. Aydın oldu ki, hər şey qaydasındadır və vergi ödəyicisi kimi vergi orqanları qarşısında heç bir borcum qalmayıb".
Məzahir Ağayev: "Xidmətin keyfiyyətindən razıyam. Burada vergi ödəyicilərinin müraciətlərinə çox diqqətlə yanaşırlar. Bir müddət əvvəl başqa işlərimlə əlaqədar fəaliyyətimi dayandırmalı oldum və fəaliyyətimin ləğvi ilə bağlı mərkəzə müraciət etdim. Mən buraya gələndə masaların hamısında vergi ödəyiciləri əyləşmişdi. Növbəm çatanda masaya yaxınlaşıb lazım olan işlərimi rəsmiləşdirdim".
Vergi ödəyicilərinə xidmət mərkəzlərinin texniki imkanlarının genişləndirilməsi daha çox ödəyiciyə xidmət göstərilməsinə, vergi ödəyicilərinin sərf etdikləri vaxtın isə azalmasına şərait yaradır.
Xavər Novruzova: "Burada göstərilən xidmətlərdən, yaradılan şəraitdən narazı qalmaq olarmı?! Vergi ödəyicilərinə xidmət mərkəzində yaradılmış bu şərait bizim də işimizi xeyli asanlaşdırıb. Vergi və sosial sığorta hesabatlarının bir yerdə təqdim olunması üçün sadələşdirilmiş hesabatlar veririk. Çox sağ olsunlar ki, müraciət edən hər kəsi diqqətlə dinləyir, bu qədər rahat şəkildə xidmət göstərirlər".
Elxan SALAHOV