Azərbaycan Qafqaz və Mərkəzi Asiyanın (QMA) digər ölkələri ilə müqayisədə daha fəal şəkildə qlobal dəyər zəncirlərində iştirakını artırıb.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “Regional iqtisadi inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya” hesabatında deyilir.
Söhbət çoxmərhələli ticarət prosesinin tərkib hissəsi olan ixracın payından gedir. Fondun analitikləri qeyd edirlər ki, qlobal dəyər zəncirlərinə gələcək inteqrasiya ölkələrə rəqabət qabiliyyətini yaxşılaşdırmağa və adambaşına düşən gəliri artırmağa kömək edə bilər.
Eyni zamanda, BVF Qafqaz və Mərkəzi Asiya ölkələrindən Avropa İttifaqı ölkələrinə, Rusiya və ABŞ-a qeyri-neft və qaz ixracının artdığını qeyd edir. Təkcə 2022-ci ildə artım müvafiq olaraq 25 faiz, 22 faiz və 53 faiz təşkil edib.
QMA regionu, həmçinin, Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu -TBNM) vasitəsilə yükdaşımaların həcminin artması ilə əlaqədar bəzi ticarət yönümünün dəyişməsi nəticəsində Çinin qeyri-karbohidrogen ixracatındakı payını artırıb.
Fond qeyd edir ki, 2014-cü ildə Trans-Qazaxıstan Dəmir Yolunun və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Orta Dəhlizin mövqelərinin möhkəmlənməsinə töhfə verib.
Orta dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçir, daha sonra Türkiyə və ya Qara dəniz vasitəsilə Avropaya doğru davam edir.
BVF-nin hesabatında qeyd olunur ki, Orta Dəhliz Qafqaz və Mərkəzi Asiya regionunun inkişafı və qlobal təchizat zəncirlərinə inteqrasiyası üçün mühüm potensiala malikdir.