Oleq Korobçenko: “İşgüzar əməkdaşlıq Azərbaycan və Tatarıstan xalqlarının rifahına xidmət edəcək” MÜSAHİBƏ

2024.04.18 12:04 (UTC+04:00)

- Oleq Vladimiroviç, Azərbaycan ilə Tatarıstan arasında iqtisadi əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Bu gün respublikalarımızın qarşısında böyük planlar və vəzifələr durur. İqtisadi tərəfi də olacaq layihələri böyütmək, onların sayını artırmaq imkanlarımız var və biz bundan yararlanmalıyıq. Biz gücləndirilməli olan neft və avtomobil sənayesi, logistika və s. kimi sahələri əhatə edən məsələləri müzakirə etdik. Şimalı Cənubla, Qərbi Şərqlə birləşdirən dəniz və quru nəqliyyatı ilə optimal yük axınını təmin etmək üçün Azərbaycanın əlverişli coğrafi mövqeyindən, eləcə də malik olduğu resurslardan istifadə edərək, iri logistik mərkəzlər yaratmaq lazımdır. Bu, böyük perspektivdir.

İqtisadi tərəfi də olacaq layihələri böyütmək, onların sayını
artırmaq imkanlarımız var və biz bundan yararlanmalıyıq

- İkitərəfli ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün ən perspektivli istiqamətlər hansılardır?

- Kimya sənayesində əməkdaşlığa toxunaraq, SOCAR-ın hazırda istehsal etdiyi xammaldan - polipropilen və etilendən istifadə imkanları müzakirə edilib. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Tatarıstan kənd təsərrüfatı sənayesində liderlərdən biridir. Biz süd məhsulları üzrə böyük istehsal müəssisələri yaratmışıq, respublika buğda və şəkər çuğunduru istehsalı üzrə də liderdir. Biz bu sənayedə texnologiyaları bölüşməyə, təchiz etməyə və birgə layihələr həyata keçirməyə hazırıq.

Tatarıstan və Azərbaycan enerji sektorunda uğurla əməkdaşlıq edirlər. Şəbəkə şirkətimiz azad edilmiş ərazilərdə fəaliyyət göstərir. Azərbaycanın Avropa İttifaqı ölkələrinə yaşıl enerji ixracı planları bizə bu istiqamətdə də ümumi təmas nöqtələrini tapmağa imkan verəcək.

Tatarıstan və Azərbaycan enerji sektorunda uğurla əməkdaşlıq edirlər

- Azərbaycan və Tatarıstanın Birgə Hökumətlərarası Komissiyası işgüzar dairələr arasında əlaqələrin yaxşılaşdırılmasında hansı rolu oynayır?

- Əgər biz Azərbaycanda Tatarıstan standartlarına uyğun sənaye zonası formalaşdıra bilsək, bu, iş adamlarımıza burada vergi ödəyiciləri qismində çıxış edərək, yeni iş yerləri açmağa, yeni layihələr həyata keçirməyə, bununla da ixrac potensialını gücləndirəcək müəssisələr yaratmağa imkan yaradacaq.

İnanıram ki, işgüzar dairələrimiz arasında yuxarıda qeyd olunan sektorlar, eləcə də mədəniyyət sahəsində əməkdaşlıq xalqlarımızın mənafelərinə xidmət edəcək.

Hüseyn VƏLİYEV