Vergi ödəyicisi hesablama metodu ilə uçot aparırsa, uzunmüddətli müqavilələrlə bağlı gəlir və bu gəlirdən çıxılan məbləğlər vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun qaydada uçota alınır. Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulan ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.
Misal: Tikinti şirkəti hesablama metodu ilə uçot aparır və 2023-cü ilin dekabr ayının 1-də sifarişçi təşkilat ilə 900.000 manat (ƏDV-siz) dəyərində tikinti-quraşdırma işləri üçün müqavilə bağlayıb. Müqavilə şərtlərinə əsasən, tikinti-quraşdırma işləri 9 ay müddətinə başa çatdırılmalıdır. Tikinti-quraşdırma işlərinin smeta dəyəri 800.000 manat (ƏDV-siz) təşkil edir.
2023-cü ildə tikinti təşkilatının şifarişçi təşkilat üçün yerinə yetirdiyi tikinti-quraşdırma işlərinə görə faktiki xərcləri 160.000 manat (ƏDV-siz) olmaqla ümumi smeta xərclərinin 20%-ni təşkil edib:
(160.000 : 800.000) x 100 = 20%
Vergi Məcəlləsinin 138.3-cü maddəsininin tələblərinə görə, 2023-cü ildə müqavilənin yerinə yetirlməsinin faktiki həcmi 180.000 manat təşkil edir:
900.000 x 20% = 180.000 manat.
Beləliklə, 2023-cü il üzrə qeyd olunan tikinti-quraşdırma işlərindən tikinti təşkilatının gəliri 180.000 manat, xərci 160.000 manat, mənfəəti isə 20.000 manat olacaq:
180.000-160.000 = 20.000 manat
Nəticədə tikinti şirkətin həmin müqavilə üzrə gəlir (mənfəət) vergisi 4.000 manat təşkil edəcək:
20000 x 20% = 4000 manat.