Azərbaycan yaşıl hidrogen üzrə Avropa İttifaqı üçün etibarlı tədarükçü olacaq

2024.04.16 18:20 (UTC+04:00)

Hidrogenin istehsalı, ondan istifadə Azərbaycanın təmiz ətraf mühitə malik yaşıl artım ölkəsi kimi inkişaf strategiyası, azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi, həmçinin Avropa İttifaqı ilə enerji tərəfdaşlığına dair strateji sənədlərdə öz əksini tapır.

Energetika Nazirliyi xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilən “Yaşıl Hidrogen İqtisadiyyatlarını Sürətləndirmək üçün Milli Strategiyalar və Siyasətlər” üzrə Nazirlər Panelində çıxış edərkən deyib.

Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı əsasında 28 QVt-dan çox yaşıl enerji layihələri üzrə “Masdar”, “ACWA Power”, bp, Fortescue və digər beynəlxalq enerji şirkətləri ilə imzalanmış əməkdaşlıq sənədlərində yaşıl hidrogen istehsalının da nəzərdə tutulduğu vurğulanıb. Hazırda hidrogenin istehsalı ilə yanaşı, ixracı aspektində “Xəzər dənizi-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizləri çərçivəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edildiyi bildirilib.

“Yaşıl hidrogen ölkəmizin enerji təchizatında yeni mənbə və dəhlizlərlə mövqeyinin möhkəmləndirməsi, həmçinin 2050-ci ilədək karbon emissiyalarını 40 faiz azalda bilməyimiz üçün mühüm əhəmiyyət daşıyır. “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsilə Azərbaycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq”, - deyə nazir əlavə edib.