AÇG-dəki yeni ACE platformasından neft hasilatına başlanılıb

2024.04.16 17:38 (UTC+04:00)

bp şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin operatoru kimi Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yatağının işlənməsi çərçivəsində yeni “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından neft hasilatına başlandığını elan edib.

Şirkətin məlumatına görə, ACE platforması Xəzər dənizində nəhəng AÇG yatağında quraşdırılmış yeddinci neft hasilatı platformasıdır. AÇG-dən ilk hasilata 1997-ci ildə başlanıb və həmin vaxtdan indiyədək yataqdan 4,3 milyard bareldən çox neft hasil edilib. Bundan əlavə, Xəzər dənizində bp-nin əməliyyatçısı olduğu “Şahdəniz” qaz yatağında daha iki platforma istismardadır.

ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.

Yeni hasil olunan neft əvvəlcə platformadakı texniki emal qurğularından keçəcək, sonra isə 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili boru kəməri vasitəsilə təxminən 130 kilometr yol qət edərək Səngəçal terminalına ixrac ediləcək.

AÇG layihəsində iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), ONGCVidesh (2,31%).