- Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu tədbirdən nə gözləyirsiniz?
- İqlim dəyişikliyinə diqqəti cəlb edən COP29 kimi tədbirlər çox faydalıdır. Bununla belə, düşünürəm ki, sahibkarlar üçün bərpa olunan enerjiyə keçidin faydalarını və ya iqlim dəyişikliyini dayandırmağın yollarını vurğulamaq vacibdir.
Xəzər regionu külək enerjisi istehsalı üçün əlverişli bölgələrdən biridir. Azərbaycan
həm də ərazisinə düşən günəş şüalarının miqdarına görə dünya liderlərindəndir
“İqlim dəyişikliyi” anlayışı mücərrəd səslənə bilər. Lakin bu, real əhəmiyyətini o zaman göstərə bilər ki, müəssisələr bunun onlar üçün necə faydalı olduğunu özləri başa düşsünlər. Bərpa olunan enerjiyə keçidin faydalarını müəssisələrə aydın şəkildə göstərsək, o zaman onların yeni texnologiyalardan istifadə etmək qərarına gəlməsi daha asan olacaq. Bu keçid, eyni zamanda, şirkətlərə qənaət etmək imkanı verməklə yanaşı, planetimizi daha təmiz və daha yaxşı edəcək. Başqa sözlə, maddi baxımdan başadüşülən və eyni zamanda müsbət dəyişikliklər gətirən konkret hərəkətləri müzakirə etmək vacibdir. Məsələn, günəş enerjisinə keçən müəssisələr üçün belə keçid onlara nəinki iqlimimizin qayğısına qalmağa və karbon izlərini azaltmağa, həm də pula qənaət etməyə imkan verir. Bu yanaşma biznes üçün daha anlaşılandır. Ona görə də konfransdan gözləntim biznes üçün başadüşülən mövzularda dialoqun aparılmasıdır.
- Təmiz hidrogendən, biokütlədən və bərpa olunan enerjidən davamlı istifadəni sürətləndirmək üçün daha hansı addımlar atılmalıdır?
- Təmiz hidrogen yaratmaq çox ucuz enerji tələb edir. Bu gün günəş və ya külək enerjisi ucuz enerji əldə etmək üçün ən yaxşı imkanlardır. Hesab edirəm ki, bu cür layihələrə, o cümlədən regionlara investisiya qoymağa hazır olan investorların diqqətini bu məsələyə cəlb etmək lazımdır.
- Azərbaycan qlobal yaşıl gündəliyin həyata keçirilməsinə hansı töhfəni verə bilər? Yaşıl enerjinin inkişafı istiqamətində ölkədə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycan neft hasilatında qabaqcıl olan ölkə kimi bərpa olunan enerji mənbələrinə keçiddə də nümunə ortaya qoyur. Xəzər regionu külək enerjisi istehsalı üçün əlverişli bölgələrdən biridir. Azərbaycan həm də ərazisinə düşən günəş şüalarının miqdarına görə dünya liderlərindəndir. Bütün bunlar ölkədə günəş və külək enerjisi istehsalı layihələrinin yaradılmasına kömək edir.
Neft və qaz sənayesində ön sıralarda yer tutan şirkətlər bərpa olunan
enerji mənbələrinin inkişafı və günəş enerjisi istehsalı sahəsində də
reytinqlərdə birinci olan şirkətlərə çevrilə bilərlər
- Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycanın alternativ enerjinin inkişafı istiqamətində səylərini, eləcə də bu sahədəki potensialını necə qiymətləndirirsiniz?
- Bu gün biz unikal bir dövrdə yaşayırıq, yeni sənaye sahələri yaratmaq imkanımız var. İndi günəş enerjisinə qoyulan investisiyalar neft və qaz sənayesinə yatırılan investisiyaları üstələyir.
Azərbaycan yüz il əvvəl neft hasilatında necə pioner idisə, bu gün külək və günəş enerjisi üzrə də lider mövqe tutmaq istiqamətində uğurlu addımlar atır. Neft və qaz sənayesində ön sıralarda yer tutan şirkətlər bərpa olunan enerji mənbələrinin inkişafı və günəş enerjisi istehsalı sahəsində də reytinqlərdə birinci olan şirkətlərə çevrilə bilərlər. Əminəm ki, Azərbaycan şirkətlərinin belə bir potensialı var.
- Sizcə, kiçik və orta müəssisələr alternativ enerji mənbələrindən necə faydalana bilər?
- Kiçik və orta biznes üçün günəş enerjisi istehsalı, ilk növbədə, pula qənaət etmək imkanıdır, çünki bu gün günəş enerjisi istehsalı ən ucuz enerji istehsalı növüdür.
İndi dünyanın əksər regionlarında, xüsusən Azərbaycan kimi günəşli iqlimi olan bölgələrdə bu cür layihələrin maliyyəsinin geri qaytarılması müddəti 2 ildən çox deyil. Kiçik və orta sahibkarlar elektrik enerjisi haqqını ödəməyə qənaət edə bildiklərinə görə, bu cür qurğulara sərmayə qoymaqla birbaşa fayda əldə edə biləcəklər və sözün əsl mənasında, 1,5-2,5 il ərzində belə qurğuların ödənişini həyata keçirə biləcəklər. Beləliklə, bu, kiçik və orta biznes üçün gəlirliliyi və investisiya cəlbediciliyini daha da artıran fürsətdir.
Tamilla MƏMMƏDOVA