Faktorinq şirkətinin gəlirləri üzrə ƏDV öhdəliyi yaranırmı?

2024.04.23 14:13 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyyələr, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar maliyyə xidmətlərinə aid edilib. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən, maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur.

Bununla yanaşı, qanunvericiliyə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq xidməti üzrə əldə olunan gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd edək ki, həmin fəaliyyət növü üzrə xüsusi icazə və ya lisenziyaların alınması ilə bağlı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə (195-1) müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.14.2-ci, 104.1-ci, 164.1.2-ci və Mülki Məcəllənin 655-ci maddələri