Rəqabət Məcəlləsinin tətbiqinə dair seminar keçirilib

2024.04.15 11:42 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə təşkilatçılığı ilə “Rəqabət Məcəlləsində yer alan yeni anlayışlara və onun çərçivəsində haqsız rəqabət hallarına qarşı dövlət nəzarəti” mövzusunda seminar keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, 50-yə yaxın audiovizual media subyekti və reklam agentliyi nümayəndələrinin qatıldığı tədbir audiovizual media sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməsinin təşviqi və bu sahədə qarşılıqlı birgə fəaliyyətin müzakirəsi məqsədilə təşkil edilib.

Dövlət Xidmətinin rəisi müavini Cəfər Babayev və Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun da iştirak etdiyi görüşdə sözügedən sahədə təsərrüfat subyektlərinin səmərəli fəaliyyətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, rəqabət və reklam qanunvericiliyinin pozulması hallarına yol vermiş media subyektləri barəsində nəzərdə tutulan pozuntu hallarının aradan qaldırılması ilə bağlı qarşılıqlı birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin hazırlanması zərurəti, Məcəllənin strukturu, üstünlükləri, eləcə də Azərbaycan Respublikasında rəqabət siyasətinin əsas prinsipləri haqqında izahlar verilib.

Bundan əlavə, tədbir çərçivəsində haqsız rəqabət və onun formaları, haqsız rəqabətə səbəb olan hərəkətlər, xüsusilə haqsız reklam, qeyri-dəqiq və gizli reklam haqqında qanunvericiliyin tələbləri və bu istiqamətdə dövlət nəzarətinin həyata keçirilməsi məsələləri haqqında geniş müzakirə aparılıb.

Qeyd edək ki, audiovizual mediada reklam sahəsində qanunvericiliyin tələblərinə əməl olunması, habelə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində birgə və effektiv fəaliyyətin təmin edilməsi, audiovizual media subyektlərinin maarifləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Respublikası Audiovizual Şurası arasında 4 noyabr 2022-ci il tarixdə Birgə Fəaliyyət Planı imzalanıb.