Avropa İttifaqı Azərbaycandakı proqramlara 603 milyon avro ayırıb

2019.07.14 12:20 (UTC+04:00)

Bu fikri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas jurnalistlərə açıqlamasında səsləndirib. Səfir Aİ ilə Azərbaycan arasında imzalanması gözlənilən yeni tərəfdaşlıq sazişinin son mərhələdə olduğunu qeyd edib. Aİ-nin Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşı olduğunu vurğulayan K.Yankauskas ölkəmizdə keçirilən rəy sorğularının nəticələri ilə bağlı bildirib ki, respondentlərin 46 faizi Aİ barədə müsbət rəy verib.

Avropa İttifaqı nümayəndəliyinin müşaviri Simona Qatti isə Azərbaycanda həyata keçirdikləri layihələr və iqtisadi inkişafa verilən dəstək barədə qeyd edib ki, tərəfdaşlıq prioritetləri, əsasən, daha güclü iqtisadiyyat, idarəetmə, qarşılıqlı bağlılıq və mobillik üzərində qurulub. İndiyədək Aİ 33 regional proqrama 497 milyon, ikitərəfli layihələrə isə 106 milyon avro ayırıb. Həmin maliyyə dəstəyi hesabına 17 tvinninq layihəsi həyata keçirilib. Onların sırasında vergilərin tənzimlənməsi, məşğulluq, əmək miqrasiyasının idarə edilməsi, icbari tibbi sığortanın tətbiqi, enerji sektorunun inkişafı və digər mühüm tədbirlər var.