Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

2024.04.09 13:28 (UTC+04:00)

Aprelin 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev ilə görüşüb.

Nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli formatda davam edib.

Geniştərkibli görüşdə Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, COP29-a hazırlıq işləri, habelə regionda mövcud vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan və Qırğızıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin ölkə liderləri arasında mövcud qarşılıqlı etimad və siyasi dialoq nəticəsində daha da möhkəmlənərək “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” ilə təsbitini tapdığını məmnunluqla qeyd edib. Qarşılıqlı səfər və təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verdiyi diqqətə çatdırılıb.

İki ölkənin strateji tərəfdaşlıq əlaqələrinin Azərbaycanla Qırğızıstan arasında Dövlətlərarası Şuranın, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın işi ilə daha da təkmilləşdiyi və inkişaf etdiyi vurğulanıb.

Azərbaycan və Qırğızıstan arasında müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın çoxşaxəli xarakter daşıdığı qeyd edilib. Orta Dəhliz çərçivəsində iki ölkə arasında geniş əməkdaşlıq potensialı olduğu diqqətə çatdırılıb. İki ölkənin qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsinin, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın dərinləşməsinin əhəmiyyətli olduğu bildirilib. Yaşıl enerji istehsalı sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafının önəmi vurğulanıb.

Ceyhun Bayramov, həmçinin qarşı tərəfi ölkəmizin COP29 sədrliyi, aparılan danışıqlar və hazırlıq işləri barədə ətraflı məlumatlandıraraq, bu mötəbər tədbirin əməkdaşlıq üçün yeni perspektivlər yaratdığını diqqətə çatdırıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə regional sülh quruculuğuna təhdid törədən çağırışlardan danışan nazir sülh üçün yaranmış imkanlara qarşı yönələn birtərəfli addım və təşəbbüslərin qəbuledilməz olduğunu vurğulayıb.

Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin yüksək qiymətləndirildiyi, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.

Nazir Ceenbek Kulubayev ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu, əməkdaşlığın daha da irəlilədilməsi istiqamətində qarşılıqlı səfərlərin əhəmiyyətli rol oynadığını qeyd edib.

Qırğızıstanın Azərbaycan tərəfindən göstərilən regional sülh və quruculuq səylərini daim dəstəklədiyi diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nazirlər görüşün nəticələri ilə bağlı mətbuat konfransında bəyanatla çıxış ediblər.

AZƏRTAC