Osman Xaliyev: "Yaşıl layihələr" SİF üçün prioritet istiqamətlərdən biridir"

2024.04.09 15:02 (UTC+04:00)

"Yaşıl layihələr" Sahibkarlığın İnkişafı Fondu (SİF) üçün prioritet istiqamətlərdən biridir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev deyib.

"Yaşıl" layihələr cari ilin prioritet istiqamətlərinə daxil edilib. Sahibkarlar "yaşıl" layihələrin maliyyələşdirilməsi üçün Fondun güzəştli kredit mexanizminə müraciət edərək, illik 5% dərəcəsi ilə kreditdən yararlana bilərlər. İndiyədək 3 "yaşıl" layihə bu mexanizmdən yararlanıb. Bu layihələrdən biri quşçuluq təsərrüfatında enerji tələbatını günəş panelləri vasitəsilə təmin etməyi hədəfləyir.

Digər layihə isə e-infrastrukturun inkişafı istiqamətində elektrik doldurma stansiyalarının quraşdırılmasını həyata keçirəcək. Başqa bir layihə isə dairəvi iqtisadiyyatı dəstəkləyən təkrar emal yolu ilə tikinti materiallarının istehsalını reallaşdıracaq", - o deyib.

Osman Xaliyev bildirib ki, bu cür layihələr iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilə bilər və SİF-in müəyyənləşdirilmiş prioritetlər üzrə sahibkarların bütün təşəbbüslərini, o cümlədən, "yaşıl" layihələrini güzəştli şərtlərlə maliyyələşdirməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, SİF özünün ESG modelini işləyib hazırlayıb.

"Fond tərəfindən bu istiqamətdə beynəlxalq standartlara uyğun olaraq ESG modeli hazırlanıb. Bununla da maliyyələşdirilmiş sahibkarlıq subyektlərinin ətraf mühit, sosial sahə və korporativ idarəetmə aspektləri üzrə təsirləri, həmçinin, potensial risklərini ESG modeli vasitəsilə müəyyənləşdirə bilirik. Fond bu modeli tətbiq etməklə gələcəkdə müəyyən edilmiş risklərin qarşısının alınmasını və ya minimuma endirilməsini hədəfləyir", - deyə O.Xaliyev qeyd edib.

TREND