Cari ilin ilk rübündə KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilib

2024.04.09 15:18 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında KOB evlərində sahibkarlara 99 mindən çox xidmət göstərilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, xidmətlərin 80 mindən çoxu “Bakı KOB evi”nin, 15 minə yaxını “Yevlax KOB evi”nin, 4 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşür.

KOB evlərində göstərilən xidmətlərin 91 minə yaxını dövlət qurumları (“G2B”), 9 minə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən təqdim edilib. Sahibkarlar KOB evlərinə daha çox biznes fəaliyyəti üçün zəruri olan lisenziya və icazələr, mənşə sertifikatı, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və digər sənədlərin alınması, vergi və gömrük məsələləri, kommunal və digər ödənişlər, biznes krediti üçün müraciət ediblər.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir.