Bu ilin ilk rübündə 1,6 milyon tona yaxın neft emal edilib

2024.04.08 17:53 (UTC+04:00)

Bu ilin yanvar-mart ayları üzrə ölkədə 7,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, neft hasilatının 4,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.

Hesabat dövründə 6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 5,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2024-cü il tarixinədək 634,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 588,9 milyon ton neft, “Şahdəniz”dən isə 45,6 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 1 aprel 2024-cü il tarixinədək 632,5 milyon tonu ixraca nəql edilib.

2024-cü ilin yanvar-mart aylarında neft emalı 1,6 milyon tona yaxın təşkil edib.