Azad edilmiş torpaqlarımızın reinteqrasiyası zamanı qlobal inkişaf prioritetləri nəzərə alınıb

2024.04.08 12:42 (UTC+04:00)

Azad edilmiş torpaqlarımızın reinteqrasiyası, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Birgə İstiqamətləndirici Komitənin illik iclasında deyib.

Onun sözlərinə görə, “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir. Bu ərazilərdə “yaşıllaşma və karbonsuzlaşma” sahəsində xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb.

S.Məmmədov bildirib ki, beynəlxalq tərəfdaşlarla “yaşıl” və dayanıqlı şəhərlər, bərpa olunan enerji mənbələri, həmçinin dənizdə külək enerjisindən istifadə ilə bağlı infrastrukturun yaradılmasına dair təşəbüsslər həyata keçirilir.