İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyətini həm hüquqi şəxs kimi, həm də hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz.
Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Həmçinin, bildirilib ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz. Təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə və ya gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Elektron qeydiyyat haqda istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilib.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarət olacaq.
Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.
Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilir.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.