Bununla bağlı layihədə qeyd olunan tələblərdə bildirilir ki, əlilliyi olan şəxslərin dövlət orqanlarının informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatı beynəlxalq standartlara uyğun təmin edilməlidir. İnternet informasiya ehtiyatında mətn olmayan kontent üçün mətn alternativləri, audio və video kontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir. Zamanın tənzimlənməsi funksiyası yaradılmalı, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxt verilməlidir. Proseslərin klaviaturadan idarə olunmasının mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıllığı təmin edilməli, internet informasiya ehtiyatında maksimum oxunaqlı və başa düşülən dildən istifadə olunmalıdır. Kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi brauzerləri, yardımçı texnologiyalar ilə maksimal uyğunluğu da təmin edilməlidir.
Əlilliyi olan şəxslərin dövlət orqanlarının informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi üçün lazımi imkanların yaradılması onların dövlət orqanları ilə qarşılıqlı əlaqəsinə, sosial inteqrasiyasına mühüm dəstək olacaq. Bu, eyni zamanda, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasında əlilliyi olan şəxslərin əsas hüquqlarının, o cümlədən informasiya əldə etmək hüququnun təmin edilməsi ilə bağlı prinsipə, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanunundakı müvafiq maddəyə uyğunluq təşkil edir.
Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilməsi barədə layihə hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılma mərhələsindədir.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında artıq bu imkanlar təmin edilib. Saytın əlilliyi olan şəxslər üçün daha da təkmilləşdirilməsi üçün müvafiq texniki işlər həyata keçirilməkdədir.