İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd edilən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladıqları günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdikləri gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən asılı olaraq, müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ saxlanılır.
Məlumat üçün bildiririk ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri və Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”