Azərbaycanda məişətdə istifadə olunan şurup istehsalı ilə məşğul olan yeganə şirkət - “AR Metiz” İrana məhsul ixrac etməyi planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “AR Metiz” şirkətinin direktoru Adil Məmmədov deyib.
Onun sözlərinə görə, artıq bazar araşdırması aparılıb və həmin ölkədə Azərbaycanın istehsal etdiyi şurupa ehtiyac olduğu müəyyənləşib. A.Məmmədov əlavə edib ki, məhsullarını Gürcüstan, Rusiya və Türkiyəyə də ixrac etməyi nəzərdə tuturlar.
İxracın onlar üçün əsas prioritetlərdən biri olduğunu deyən A.Məmmədov istehsal güclərini 2 dəfə artırdıqlarını, hazırkı istehsal həcmlərinin ixraca imkan verdiyini söyləyib.
Qeyd edək ki, zavod aylıq istehsal gücünü 6-7 dəfə artıraraq 300-400 tona çatdırmağı planlaşdırır.