2028-2029-cu illərdən etibarən Azərbaycanda yanğınsöndürən və kommunal texnikaların istehsalına başlanması planlaşdırılır. “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin direktoru Fərid Abdullayev “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına bildirib ki, Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalını həyata keçirəcək zavod 2024-cü ilin IV rübündə hazır olacaq. Artıq 6440 kvadratmetr sahədə qurulan zavodun tikintisinin 5 faizi yerinə yetirilib. Bununla yanaşı, müəssisənin nəzarət-buraxılış məntəqəsinin 30, ofis binasının 20, qonaq evi binasının 25 faizi tikilib.
F.Abdullayev qeyd edib ki, layihə çərçivəsində mərhələli şəkildə minatəmizləyən, tentli yarımqoşqu, eləcə də yanğınsöndürən və kommunal texnikalar istehsal ediləcək. Zavodda, ilkin olaraq, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı həyata keçiriləcək. İstehsal olunacaq texnikalar işağldan azad edilmiş ərazilərdə istifadə edilməklə yanaşı, ixrac da ediləcək. 2028-2029-cu ildən isə zavodda yanğınsöndürən və kommunal texnikaların istehsalı planlaşdırılır. Zavodun illik istehsal gücü 300 ədəd tentli yarımqoşqu, 100 ədəd yanğınsöndürən maşın, 100 ədəd zirehli maşın və 100 ədəd mexaniki minatəmizləyən texnika olacaq.
MMC direktoru əlavə edib ki, layihənin investisiya dəyərinin ilkin olaraq 7,4 milyon manat olacağı açıqlansa da, bu dəyərin 10 milyon manata yüksələcəyi gözlənilir. İndiyədək müəssisənin qurulmasına təxminən 2 milyon 200 min manat xərclənib.