Payızda pivəlik arpa emalı zavodunda ilk istehsala başlanılacaq

2024.03.27 17:32 (UTC+04:00)

Azərbaycanda yeni tikilən pivəlik arpa emalı zavodunda ilk istehsala payız aylarında başlanması nəzərdə tutulur.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev deyib. Onun sözlərinə görə, 2023-cü ildə təməli qoyulmuş “Promalt” arpa emalı müəssisəsinin qurulması layihəsi üzrə layihələndirmə işləri bitib və inşaat prosesinə start verilib. İlkin müqavilələr imzalanıb və həmin layihəyə uyğun olaraq, zavodun ehtiyatında olan pivəlik arpa əkinləri 2023-cü ildə uğurla tamamlanıb: “Qürurla deyə bilərəm ki, şirkətimiz ilk dəfə özünün maksimum həcmdə payızlıq əkinlərini icra edib. O əkinlərin içində, əlbəttə, “Promalt” layihəsinin arpa ehtiyacları da var. Bizim hədəfimiz arpa biçini zamanı zavodun ehtiyacı olan pivəlik arpanın tədarükünü tam həcmdə bitirməkdir”.

A.Mehdiyev qeyd edib ki, bütün işlər layihənin icra qrafikinə uyğun aparılır. Həm ilk istehsalın, həm də xammal tədarükünün tam vaxtında başa çatması hədəflənib. Layihə qrafikinə görə, xammal tədarükü iyul ayında bitməlidir: “İlk istehsal üçün emalı payız aylarında başlamaq hədəflənib ki, hazırda buna doğru gedirik. Almaniya və Türkiyədə zavod üçün avadanlıqların istehsalı, demək olar ki, bitib və onların Azərbaycana nəql olunması üçün hazırlıq işlərinə başlayırıq. Zavodun işçi heyətinin yığılması prosesinə də start verilib”.

A.Mehdiyev deyib ki, zavodun ilkin istehsal gücünün 13 min ton arpa emalı olması nəzərdə tutulur. Bunun 11 min tonundan malt-səməni əldə etmək planlaşdırılır.

MMC direktorunun sözlərinə görə, başlıca hədəfləri daxili bazarda idxalı əvəzləmək və ehtiyacı qarşılamaqdır. Növbəti dövrlərdə isə ixrac imkanları nəzərdən keçiriləcək. Zavodun fəaliyyəti tam olaraq alkoqollu və alkoqolsuz pivənin istehsalına yönəldiləcək: “Lakin bu məhsulun digər sahələrdə istifadəsinə də maraq göstərilir. Qənnadı və çörəkbişirmə sahələrində zavodun məhsuluna tələbat var”.

A.Mehdiyev əlavə edib ki, yaxın gələcəkdə zavodun illik istehsal gücünün 17 min tona çatdırılması planlaşdırılır. Bununla daxili bazarın təlabatının ödənilməsi ilə yanaşı, ixrac imkanları da genişlənmiş olacaq.

İlhamə İSABALAYEVA