Yaxın günlərdə yapışqan lent istehsalı zavodunun tikintisinə başlanılacaq

2024.03.27 11:32 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti “ZF Group” MMC yaxın günlərdə Sənaye Parkının ərazisində müxtəlif çeşiddə yapışqan lentlərin istehsalı üçün zavod tikintisinə başlayacaq.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin direktoru Samir Məhərrəmli deyib. Onun sözlərinə görə, tikinti işləri təxminən 3-3,5 ay davam edəcək. Zavodda həm kağız, həm də şəffaf yapışqan lentlər istehsal ediləcək. Artıq zavod üçün tələb olunan avadanlıqlar ölkəyə gətirilib.

S.Məhərrəmli əlavə edib ki, zavodun illik istehsal gücü 1,2 milyon ədəd lent olacaq: “İstehsal edilmiş məhsulların 80 faizini daxili bazara, 20 faizini isə ixraca yönəltməyi nəzərdə tuturuq. Məhsullar Türkiyə və Gürcüstana ixrac ediləcək. Hazırda ixracla bağlı danışıqlar aparılır”.

Qeyd olunub ki, layihənin ümumi investisiya dəyəri təxminən 1,2 milyon manatdır.