Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov "dəyirmi masa" iştirakçılarını salamlayaraq vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, dəyişikliklərin mahiyyəti və məqsədləri barədə geniş məlumat verib. Bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər ümumilikdə beş əsas istiqaməti əhatə edir: "Bu dəyişikliklərin əsas mahiyyəti və prinsipləri "kölgə iqtisadiyyatı"nın azaldılması, vergidən yayınma hallarının qarşısının alınması, eləcə də iqtisadiyyatın müxtəlif sahələri üçün nəzərdə tutulmuş vergi güzəştlərinin səmərəliliyinin artırılması, pərakəndə halda olan bəzi güzəşt və imtiyazların gələcəkdə optimallaşdırılması əsas hədəflərdəndir".
Nazir müavini qeyd edib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər və ümumilikdə vergi sistemində həyata keçirilən islahatlar qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, işçilərlə işəgötürənlər arasında əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və bunun sayəsində əmək bazarının sağlamlaşdırılmasına xidmət edəcək: "Çünki "kölgə iqtisadiyyatı" təkcə dövlət büdcəsinin gəlirlərinin azalmasına təsir etmir, həm də ölkənin ümumi iqtisadi inkişafını ləngidir, sahibkarlığın dəstəklənməsi istiqamətində görülən tədbirlərin səmərəsini aşağı salır, işçilərin əmək və sosial hüquqlarının təmin olunmasında çətinliklər yaradır. Ona görə də Vergi Məcəlləsinə dəyişikliklərdə bu sahədəki neqativ halların aradan qaldırılması ilə bağlı yeni tələblər qoyulub, həm işəgötürənlərin, həm də işçilərin hüquq və mənafelərinin qorunması üçün yeni mexanizmlər müəyyənləşdirilib".
Sahir Məmmədxanov vergi inzibatçılığı sahəsində görülən işlər, o cümlədən aksizlərin əhatə dairəsinin genişləndirilməsi, elektron hesab-fakturaların tətbiqi və sənədsiz malların satışının qarşısının alınması, idxal mallarının təqib və izləmə mexanizminin qurulması, nağdsız hesablaşmaların stimullaşdırılması istiqamətində atılan addımlar barədə də məlumat verib. Bildirilib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə bu və ya digər məsələlərlə bağlı yeni hədəflər müəyyən edilib.
Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət depatamentinin baş direktoru Ələkbər Məmmədov və İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov müstəqil ekspertlərin mövzu ilə bağlı suallarını cavablandırıblar. Müzakirələrdə özəl sektorun fəaliyyətində şəffaflıq, ticarət və xidmət sahələrində hesab-faktura və malların sənədləşdirilməsi, eləcə də xidmət sektoruna aid sabit vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub, müxtəlif vergi növləri üzrə təqdim olunan bəyannamə formaları ilə bağlı təkliflər səsləndirilib. Tədbirdə Vergi Məcəlləsinə dəyişikliklərin tətbiqi zamanı ortaya çıxa biləcək problemlərin aradan qaldırılması üçün mümkün mexanizmlərlə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, 2019-cu ilin əvvəlindən tətbiqinə başlanacaq dəyişikliklərin daha rahat və səmərəli icrası üçün vergi orqanları ilə qarşılıqlı əməkdaşlığa, ictimai maarifləndirməyə böyük ehtiyac var. Bunu nəzərə alaraq, gələn ilin əvvəlində Vergilər Nazirliyində müstəqil ekspertlərin və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə növbəti görüşün keçirilməsi qərara alınıb.
İki gün davam edən ictimai müzakirələr zamanı "Vergi qanunvericiliyinin şərhi", "Vergi inzibatçılığının təkmilləşdirilməsi məsələləri", "Mühasibat uçotu və vergi hesabatları", "Əmək münasibətlərinin tənzimlənməsi" mövzuları diqqət mərkəzində olub. Toplantıda ölkənin tanınmış iqtisadçı mütəxəssisləri və mühasiblərdən ibarət 20-dən artıq müstəqil ekspert, habelə İqtisad və Bakı Dövlət universitetlərinin əməkdaşları iştirak ediblər. Müzakirələrin sonunda səsləndirilən təkliflər ümumiləşdirilib, növbəti görüş üçün konkret mövzular müəyyənləşdirilib.
Elxan SALAHOV