Ağdamda izolyasiya materialları istehsal ediləcək

2024.03.19 15:09 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Thermo Natural Azerbaijan” MMC bu ilin iyul-avqust aylarında istehsal müəssisəsinin yaradılması üçün tikinti işlərinə başlayacaq.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin direktoru Elman Abbasov deyib. Onun sözlərinə görə, bu ilin oktyabr-noyabr aylarında zavodda istehsala başlamaq nəzərdə tutulur. Müəssisədə alçı, eksteryer suvaq, dolğu və izolyasiya materialları istehsal ediləcək.

Layihənin investisiya dəyəri 3,8 milyon manatdır. Zavodun illik istehsal gücü 10 min ton olacaq.

E.Abbasov əlavə edib ki, məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, xaricə də ixrac ediləcək. İxracın Gürcüstan, Özbəkistan, Qazaxıstan və Yaxın Şərq ölkələrinə həyata keçirilməsi planlaşdırılır.