Rüfət Quliyev: "Sahibkarlar yeni qurulan vergi sistemindən razılıq edirlər"

2019.07.10 12:18 (UTC+04:00)

2019-cu ilin əvvəlindən "kölgə iqtisadiyyatı"nda cəmlənmiş dövriyyələrin mühüm hissəsinin "ağarması" və iqtisadiyyatda ilkin şəffaflaşma əlamətlərinin müşahidə edilməsi nəticəsində vergi daxilolmalarında əhəmiyyətli artım qeydə alınıb. Şəffaflaşmanı əks etdirən daha bir mühüm indikator elektron qaimə ilə rəsmiləşən dövriyyələrin artmasıdır. 2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 59,5 faizdən 65,7 faizə yüksəlib. Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artan məbləğinin 81,3 faizi ticarət və sənayenin payına düşüb.

Millət vəkili Rüfət Quliyev bildirib ki, vergi orqanlarının həyata keçirdiyi məqsədyönlü tədbirlər artıq öz bəhrəsini verməyə başlayıb: "Qeyd edim ki, bu sahədə ciddi dəyişikliklər, müsbət yeniliklər var. Mən buna sahibkarlarla görüşlərdən sonra daha da əmin oldum. Onlar vergi sistemində aparılan yeniliklərə görə razılıq edirlər".

Sahibkarlar üçün münbit iş şəraiti yaradılır ki, onlar vaxtlı-vaxtında
vergilərini ödəyərək əlavə problemlərdən uzaq olsunlar

Artıq vergi orqanlarının sahibkarlarla partnyor kimi münasibət qurduğunu vurğulayan R.Quliyev bunun nəticəsində büdcə ödəmələrinin könüllü şəkildə həyata keçirildiyini deyib: "Bu da iqtisadiyyatın aparıcı sahəsi olan özəl sektorun inkişafına müsbət təsir edir. İnzibati amirlik sistemi, iş adamlarının təhdid edilməsi kimi hallar aradan qaldırılıb. Yeni siyasətin məğzi ondan ibarətdir ki, gəlirlər və xərclər, hesabatlar daha şəffaf olsun, vergilər mütəmadi olaraq könüllü şəkildə ödənilsin. Sahibkarlar üçün münbit iş şəraiti yaradılır ki, onlar vaxtlı-vaxtında vergilərini ödəyərək əlavə problemlərdən uzaq olsunlar".

Onu da deyək ki, 2019-cu ilin yanvar-may aylarında istehsal və topdansatış ticarətin toplam dövriyyəsi 16,3 faiz, o cümlədən sektorlar üzrə elektron qaimə-faktura ilə rəsmiləşən toplam dövriyyə 38,3 faiz artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 43,7 faiz, istehsalda isə 30,1 faiz artım var. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi ticarət dövriyyəsində xüsusi çəkisi 68,9 faizdən 83,6 faizə, istehsalda isə 65,7 faizdən 75,4 faizə yüksəlib. Bu göstəricilərin aparılan şəffaflaşma siyasətinin nəticəsi olduğunu deyən R.Quliyev ticarət dövriyyələrinin rəsmiləşməsinin iqtisadi münasibətlərə və büdcə daxilolmalarına ciddi təsir etdiyini vurğulayıb.

Fərqanə ALLAHVERDİQIZI