Tədbirdə iştirak edən Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri Vergi Məcəlləsinə, "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası qanunlarına əlavə və dəyişikliklərlə bağlı yerli vergi orqanları əməkdaşlarına ətraflı məlumat verib, maarifləndirmə işləri aparılıb. Azərbaycanın vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət departamentinin baş direktoru Elçin Məmmədov bildirib ki, ölkə Prezidenti İlham Əliyev vergi orqanları qarşısında "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergidən yayınma hallarına son qoyulması, bu sahədə qətiyyətli tədbirlərin həyata keçirilməsi, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi və vergi mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoyub. Vergilər Nazirliyi bu problemlərin həlli istiqamətində genişmiqyaslı vergi islahatlarına başlayıb. Vergi siyasəti departamentinin idarə direktoru Əvəz Quliyev Vergi Məcəlləsinə dəyişikliklərin əsas istiqamətlərini geniş izah edib. Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin əməkdaşı Nicat İsaqov isə "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası qanunlarına əlavə və dəyişikliklərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda dəyişikliklərin əsas istiqamətləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, vergi əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.