İclasda minimum əməkhaqqının və pensiyanın artırılması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 200 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin isə 15 milyon artırılmasının zəruriliyi qeyd olunub. Həmin xərclərin qarşılanması üçün məcburi dövlət sosial sığorta haqları üzrə 350 milyon manat əlavə daxilolma proqnozlaşdırılır. Bununla əlaqədar "Büdcə sistemi haqqında" Qanunun tələbləri gözlənilməklə, 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması və dövlət büdcəsindən DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün fonda ayrılan vəsaitin məbləğinin 150 milyon manat azaldılması nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq təsdiq olunub.